EN

Ayxan Abbasov: “2026 ən yaxşı ilimiz ola bilər” – ARENA.AZ

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series-2026” turnirində Syerra Leone ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Sumqayıtda üz-üzə gələcəklər.

Ayxan Abbasov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək. Bu mənada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Rəqib bu dəfə fərqlidir. İlk rəqiblə müqayisədə, reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyət gəlib. Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Hazırıq.

Sent Lüsiya ilə oyunda hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdular, çox fərq hiss olunmadı.

Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla yaxşı oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq.

Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də nələrsə düşünəcəyik.

Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçiləcək. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FİFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk görüşdə futbolçuların oyuna yanaşması düz idi”.

Ayxan Abbasov milli ilə müqaviləsinin müddətini açıqladı

Ayxan Abbasov həm “Şamaxı”, həm də milli komanda ilə müqaviləsinin müddətindən, eləcə də uğurlu nəticələri davam etdirmək imkanlarından da söhbət açıb:

“Klubla müqaviləmizin müddəti yayda bitir. Mili ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Oyunlarımıza, nəticələrimizə əsasən qərarlar veriləcək.

Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq, yaxşı nəticələr qazanaq. 2026 ən yaxşı ilimiz ola bilər.

Biz ötən il ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir. Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. Qarşıda isə San Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyil. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, ÇL-də oynayacaqlar. Futbolçular boş dayanmırlar. Allah qoysa, problem olmaz”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
11
39
arena.az

10Sources