EN

Avropada "İran şəbəkəsi" HƏREKƏTƏ KEÇDİ: ABŞ bankı qarşısında terror cəhdi

Fransa polisi Parisdə "Bank of America" filialının binası yaxınlığında partlayıcı qurğunun yerləşdirilməsi cəhdinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, Fransa prokurorluğunun məlumatına görə, cinayətkar hadisə yerində maddi sübutlarla birlikdə saxlanılıb.

Müstəntiqlərin bildirdiyinə görə, saxlanılan şəxsdə aşkar edilən əldəqayırma partlayıcı qurğu ehtimal ki, yanacaqla dolu beş litrlik kanistrdən və detonator funksiyasını yerinə yetirməli olan pirotexniki vasitədən ibarət olub.

Şəxs partlayıcı qurğunu yandırmağa cəhd edərkən polis patrulu tərəfindən fərq edilib.

Məlum olub ki, saxlanılan şəxs baş verənləri kameraya çəkməli olan əlbiri ilə birlikdə hərəkət edib, lakin həmin şəxs hadisə yerindən qaçmağı bacarıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, o, "Snapchat" platforması vasitəsilə işə cəlb olunub və bu tapşırığın icrası müqabilində ona 600 avro vəd edilib. Fransa prokurorluğu daha iki şübhəlinin tutulduğunu və əsas şübhəlinin həbs müddətinin uzadıldığını bəyan edib.

Fransanın daxili işlər naziri Loran Nunyes "Bank of America" binası qarşısındakı partlayış cəhdini terror aktı adlandırıb.

Hadisənin araşdırılması ilə ölkənin antiterror prokurorluğu məşğul olur. AFP agentliyinin istintaqdakı mənbələri qeyd edir ki, bu terror cəhdi "İranın Avropadakı Amerika və İsrail maraqlarına qarşı təhdidlərinin reallaşmasıdır".

"Deutsche Welle" yazır ki, iki ölkənin İrana qarşı müharibəsi başladıqdan sonra Avropada ABŞ və İsraillə bağlı obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Tehran bəyan etmişdi ki, əgər Avropa ölkələri İrana qarşı hərbi kampaniyaya qoşularsa, onlar "qanuni hədəfə" çevriləcəklər.

Yaxın Şərqdə gərginlik artdıqdan sonra Avropada İsrail müəssisələrinə qarşı bir neçə hücum baş verib. Niderlandın Rotterdam şəhərində sinaqoqda yanğın törədilib və hakimiyyət orqanlarının məlumatına görə, bu, İran tərəfindən ələ alınan icraçılar vasitəsilə təşkil edilib. Növbəti gün Amsterdamda partlayış nəticəsində yəhudi məktəbinin binasına ziyan dəyib.

Böyük Britaniyada isə İran rejimi ilə əlaqəli qruplaşma yəhudi təşkilatına məxsus dörd təcili yardım maşınının yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Musavat.com.

Chosen
3
3
musavat.com

10Sources