EN

Çingiz Əlioğlu barədə fəza düşüncələri

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Elxan Zal Qaraxan

Biz Çingiz Əlioğlu ilə uzun illərdirin dostuyuq. O mənim üçün maraqlı adamdır, yəqin ki, mən də onun üçün maraqlıyam. Əks halda, xeyli yaş fərqiylə belə uzunmüddətli dostluğumuz baş tutmazdı. O fərqli bir şair olmaqla bərabər, həm də çox zəngin məlumatlara malik adamdır, oxuduqlarından başqa, dünyanı çox gəzib, dünyanın çox məşhur adamları ilə oturub-durub. Uzun sözün qısası, canlı ensiklopediyadır Çingiz müəllim. Mən hərdən zarafatla ona "Azərbaycanın Afanasi Nikitini" deyirəm, çünki tatar əsilli məşhur rus səyyahı kimi, Çingiz Əlioğlunun da həyatının çox hissəsi səyahətlərdə keçib. Bəlkə də şeirlərinin xeyli hissəsi yerlə-göyün arasında, təyyarə oturacaqlarında, gəmi kayutlarında, ya günlərlə yol gedən qatarlarin kupelərində yaranıb. Yəqin ki, böylə keçən bir ömür onun taleyinə yazılıb, çünki həm türkdür, həm də vikinqlər ölkəsi ilə ruhi bağlılıqları var. Türk və vikinq deyəndə isə ilk olaraq, ağıla quruda və dənizdə böyük məsafələri qət etmək istəyi gəlir. Çingiz müəllim isə məsafələr qət etmək sahəsində azərbaycanlı ədəbiyyatçılar arasında dünya rekordçusudur...

Bir şair kimi böyüklüyünə məncə, heç kim şübhə etmir. Özü də bunu Azərbaycandan daha çox, xarici ölkələrdə hiss edirsən. Mən onunla bir neçə dəfə xarici ölkələrdə olmuşam və hamısında da təəssüratlarım eynidir - o, həm də Azərbaycandan kənarda çox sevilən şairdir. Heç bilmirəm bu gün Azərbaycanda neçə belə şair var. Nəzərə alsaq ki, o, ənənəçi şair deyil, özünəməxsus üslubu, obraz sistemi, lüğət tərkibi var, şeirlərində assosiasiyalardan və alliterasiyadan geniş istifadə edir, yazıları sətiraltı mənalarla zəngindir, belə poeziyanı, adətən, geniş kütlənin birdən-birə qavraması çətin olur və belə şeirlər daha çox elitar bir qrup tərəfindən oxunur. Amma böyük şairin ustalığı ordadır ki, o, yazdıqlarını elə bir enerji ilə yükləyir ki, oxucu onu anlamasa da, duymaq istəyir və yaxud fəhm ilə anlamaq istəyir. Məsələn, Məhəmməd Füzulini anlayan çox az adam var, lakin onu hamı sevə-sevə oxuyur. Yaxud rus şairi Xlebnikovu. Belə şeiri ardağıl şeiri (zaumnaya poeziya) adlandırırlar. Yəni bu gün ədəbiyyatda belə hesab olunur ki, poeziya ağılnan yox, fəhmlə qavranır. Məncə, poeziyanın missiyası da elə budur, bəşərin fəhmini açmaq, onu inkişaf etdirmək. Albert Enşteyn deyirdi ki, elmi kəşflər çox oxumaqla yox, fəhmlə əldə olunur. Tarixin böyük mədəniyyətləri də fəhmin yaratdığı mədəniyyətlərdir. Biz bu gün qədim Şumer, Misir, etrusk, Çin, yunan mədəniyyətləri kimi mədəniyyətləri ağılnan qavramaq iqtidarında deyilik, amma onları fəhmin gücü ilə dərk edirik, onun üzərində yeni mədəniyyət yaradırıq. Dostum Çingiz Əlioğlunun poeziyası da məhz fəhm poeziyasıdır. Amma onun yaratdıqları çoxsaylı obrazlar və elmi biliklərlə yüklənsə də, sənə elə gəlir ki, asan qavranılır, çünki mayasında bir gənclik təravəti var. Ç. Əlioğlunun yaşı 80-i adlasa da, onun şeirlərini oxuyarkən, mən onu həmişə gənc bir oğlan saymışam. Əgər poeziyada gənclik təravəti yoxdursa, demək bu poeziya deyil, sərsəm bir qocanın düşüncəsidir. Bir düşüncə ilahidirsə, o həmişə gəncdir...

Chosen
51
icma.az

1Sources