EN

SSRİ xalq artisti fəxri adından imtina edən, rola görə saçını dibindən qırxdıran “Məşədi İbad”ın ACI HƏYAT HEKAYƏSİ FOTOLAR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Görkəmli gülüş ustasının həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edirik.

Atası Qazax rayonundan, anası isə Tiflisdən olan Əliağa Ağayev 1913-cü ildə Bakıda anadan olub. Anasını 2 yaşında olanda itiribmiş. Onun 5 yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşı Mirzəağa repressiya qurbanı olub.

Dostlarına qarşı çox qonaqpərvər və səxavətli olub. Çox gözəl “Xaş” bişirər və arabir dostlarını xaşa dəvət edərmiş. Özü qulluq edərək imkan vermirdi ki, həyat yoldaşı Cəvahir xanım süfrəyə əlini vursun. Böyük sənətkarlığı öz yerində, həm də gözəl insanlığı vardı. Çox filmlərə çəkilirdi deyə, maddi durumu yaxşıydı, pul xərcləyən idi.

Valideynlərini erkən yaşlarında itirən Əliağa 7-ci sinfi bitirən kimi gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir ki, çörəkpulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə ailə həyatı qurur. Onların münasibətindən xəbər tutan Ağadadaş Qurbanov bir gün Əliağanı yanına çağırır. Deyir, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə, uzaqlaş, ürəkdəndirsə, gecikmə, yaxınlaş”.

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

Oynadığı “Hacı Qara” tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır. Oynadığı obraza görə heyranlığını ifadə edir. Ondan fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə “Əməkdar artist” fəxri adı verilir.

Əliağa Ağayev SSRİ Xalq artisti fəxri adından imtina edib. Bu ada görə aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Lakin o, heç bir partiyaya üzv olmaq istəməyib. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə Xalq artisti olub.

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.

Quranı o dərəcədə yaxşı bilirmiş ki, yas məclislərində mollalara səhv tuturmuş ki, bu yerini düz oxumadın.

İki oğlu bir qızı olub. Övladlarından heç birinin onun yolunu davam etdirməsini istəməyib. Ancaq oğlu Vaqif ondan gizlin ovaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmağı bacarıb. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyən Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib, həqiqəti etiraf etmişdi.

İşə ictimai nəqliyyatla gedib-gəlirmiş ki, arıqlasın. Sonuncu çəkildiyi film “Evlənmək istəyirəm”in çəkilişləri zamanı Əliağanın səhhətində nasazlıq olub. Filmin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik:

“Dedim, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.

Aktyorla birgə xeyli tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: “Dedilər, bu, harada ola bilər? Hərləndim bazarı, gördüm, bir yerdən səsi gəlir. Baxdım ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim, bu nədir gətirmisən? Dedi, tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər..”

Ömrünün 60-cı ilini qeyd edərkən müxbirin “Arzunuz nədir, Əliağa müəllim?” sualına Ə.Ağayev belə cavab vermişdi:

“Arzum budur ki, mənim baş rolda oynayacağım bir komediya yazılsın, yoldaş müəlliflər! Özü də müasir həyatdan olsun, qəhrəmanı bu günümüzün adamı olsun! Yəni elə bir pyes ki, baş rolu komik surət olsun və onu da bu Əliağa qardaşınız oynasın..”

1983-cü il noyabr ayının 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə kafedə oturub yeyib-içən zaman danışdığı lətifəyə necə ürəkdən gülübsə, ürək damarları partlayıb və aktyor elə güldüyü yerdəcə dünyasını dəyişib. Hətta onun bu ani ölümünü dostları Əliağanın növbəti zarafatı hesab ediblər, əvvəl inanmayıblar. Sonra görüblər, o, doğrudan da, dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
konkret.az

2Sources