EN

Elşad Musayev: “Bakı yağışa “təslim” olub”


“Adətən subasma halları olanda rəsmi şəxslər deyirlər ki, təbii fəlakətdir, dünyanın hər yerində belə şeylər olur. Başa düşürəm, təbii fəlakətdir, amma bir dəfə, iki dəfə olar... Bakıda göydən yağış yağan kimi problem yaranır. Buna görə də vəziyyəti “təbii fəlakət” adı altında manipulyasiya etmək doğru deyil”.
 
Gender.Az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
 
Onun sözlərinə görə, yağış, qar yağanda Bakıda çox ciddi problem yaranır: “Təəssüf ki, indiyədək müvafiq qurumlar və vəzifəli şəxslər bunun öhdəsindən gələ bilməyiblər. Səbəblər çoxdur, biri yüksək göydələnlər, plansız surətdə tikilən binalardır. Lazımi infrastruktur, su, kanalizasiya, kommunikasiya xətləri qurulmayıb... Xüsusilə, kanalizasiya xətlərini köhnə xətlərə birləşdiriblər. Bakı nəlbəki formasındadır. Şəhərsalamada buna xüsusi fikir verməlidirlər, əfsus ki, verməyiblər. Şəhərin bir yeri yox, hər yeri belədir, Binəqədi rayonunun deputatıyam, bu ərazilərdə dəhşətli mənzərə var. Hələ 1996-cı ildə silsilə yazılar yazırdım. "Millət" qəzetində mütəxəssislərin fikirləri də dərc olundu ki, Böyükşor gölünə daş-torpaq, zir-zibil töküb qurudurlar, orada evlər, obyektlər tikilməsi nəzərdə tutulur. 30 il əvvəl bununla bağlı böyük kampaniya başlatmışdım. Təəssüf ki, tək qaldıq, gücümüz çatmadı. Drenaj, kanalizasiya sistemi həll olunmadan bunu etmək, sadəcə, cinayətdir. İndi də Binəqədidə dəhşətli vəziyyətdir. Yağışlar zamanı yaranan problem həm də bununla bağlıdır. İllərdir, icra strukturlarında, bələdiyyədə, kommunal sahədə işləyən adamlar, təəssüf ki, bu işə dırnaqarası yanaşırlar. Bütün hallarda müvafiq dövlət qurumları problemləri əvvəlcədən önləmək üçün planlaşdırma işi aparmalıdırlar. Həmçinin texnika, insan resursları olmalıdır, problemi həll etməlidirlər. Təəssüf ki, Bakı yağışa “təslim” olub. İnsanlar çox əziyyət çəkirlər. Bütün hallarda müvafiq qurumlar və vəzifəli şəxslər nəticə çıxarmalıdırlar. Yalnız bundan sonra baş verə biləcək böyük fəlakətləri həll edə bilmək üçün lazımi tədbirlər görüləcək”.
 
Aytəkin Qardaşova

Chosen
3
1
gender.az

2Sources