EN

Vaqif Qarayev: “Biz uşaqlardan nə istəyirik?!”

Əməkdar müəllim Almaz Əsgərovanın səsləndirdiyi “Uşaq 3 yaşına qədər uşaqdır. 3 yaşdan sonra düşüncəsi inkişaf etməyə başlayır. Təklif edirəm ki, uşaqlar 3 yaşından məktəbə getsinlər” fikri müzakirələrə səbəb olub. O, bildirib ki, 2 yaşında telefonla oynayan uşaq 6 yaşında məktəbə gəlirsə, məktəbə özü ilə problem gətirir. Onun bu çıxışı sosial şəbəkələrdə tənqid edilib. İstifadəçilər uşaqların davranış pozğunluqlarının əsas səbəbini təhsildəki problemlərlə əlaqələndiriblər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən pediatr Vaqif Qarayev müəllimin dedikləri ilə razılaşmadığını, söylədiyinin yanlış olduğunu deyib.

 

O bildirib ki, 3 yaşından sonra uşaqlara dərsi deyil, təhlükəsizliyi öyrətməliyik: “Bu videonu görəndə fikirləşirdim ki, kimsə, yəqin, zarafat edib paylaşıb. Çünki mənim düşüncəmə görə ağlasığmaz bir şeydir. Daha sonra ətraflı formada izlədim. Xanım deyir ki, 3 yaşından sonra uşaqlarda dərketmə, qavrama olur və s. Əslində isə düz demir, həmin müddətdən sonra biz uşaqlara təhlükələri anlatmalıyıq. Məsələn, istidir, soyuqdur, yıxılarsan, yanarsan, belə oturmalısan və s. Əlifbanı öyrətməməliyik onlara. Həm həkim, həm də valideyn kimi deyirəm. Son illərdə uşaqların hiperaktiv olmasından, oxumamağından, qavramamağından şikayətçiyik. Fikir verirəm, qəbula, hətta bir-iki yaşında uşağı belə əlində telefonla gətirirlər. Qəbulolunmazdır! Oyuna baxırlar və telefondakı necə edirsə, uşaq da onu edir. Bu saatlarla davam edir. Sonra uşağın adını hiperaktiv qoyuruq. Hiperaktiv deyil, onun beyni ancaq həmin hərəkətlərə fokuslanır. Yadında qalan odur. Nitq pozğunluğundan şikayət edirik. Həmin yaşdakı uşaqları daim danışdırmalıyıq. O sözləri eşidir, sadəcə, dil nitqin icra orqanıdır və onu da işlətmədiyinə görə danışa bilmir. Sonra da xanım deyir ki, aparaq belə uşaqları “A, B” öyrədək. Biz bu uşaqlardan nə istəyirik?! 45 ildir uşaqlarla işləyirəm və hər nəslin davranşındakı dəyişiklikləri görürəm. Bu gün həm psixi, həm də fiziki cəhətdən sağlam uşaqlar çox azdır”.

 

V.Qarayev problemin əsas səbəbinin hazırkı təhsil sistemi olduğunu qeyd edib: “Təhsildə uşaqlara çox yüklənirik. Uşaq 6 yaşında gedir məktəbə, dərsdən sonra da valideyn hazırlıq kurslarına aparır. Hətta bəzi valideynlər istəyir uşağı rəssam, musiqiçi olsun, buna görə də müxtəlif dərnəklərə aparırlar. Sual verirəm, bu körpə nə zaman dincələcək, nə zaman uşaqlığını edəcək? Böyüyəndən sonra uşaqlıq xatirələrindən nə danışacaq? Hamı Novruzla bağlı uşaqlıq xatirələrindən danışır. İndiki uşaqlar nə danışacaq? Xatirə yoxdur. Təhsil deyib durmuşuq. Başa düşdük də təhsil kitab oxumaqdır. Amma biz normal, zəngin intellekti olan nəsil yetişdirməliyik. Bununla fəxr edirik ki, filankəs 600 bal topladı, digəri də 550 bal... Hə, nə olsun?! Ümumilikdə vəziyyət necədir? Uşaqlar intellektualdır? Savadlıdır? Yox! Təsəvvür edirsiniz ki, həkim təhsilin əleyhinə olsun? Bu anormal bir şeydir. Amma mən indiki təhsil sisteminin əleyhinəyəm. Yaponlardan, kanadalılardan ağıllıyıq?! Baxırsan da təhsil modellərinə...İndiki texnologiyanın ataları, icad edən yaponlar hesabı uşaqlara çöplə öyrədirlər. Biz onlardan ağıllıyıq? Əlbəttə, yox. Uşaq 7 yaşından məktəbə getməlidir. Onların psixi inkişafının mərhələləri var. Uşaq beyninin yük götürmə qabiliyyətinin yaşı var, yükləməməliyik. Körpələr sinifdə “təpəsi üstdə otururlar”. Elə bil dərs otağı deyil, oyun otağıdır. O rejim onlara çatmır... Məktəb valideyni, valideyn məktəbi günahlandırır. Əslində isə hamı günahkardır. Düzgün oturuş qaydası evdə aşılanmalı, sonra məktəbdə möhkəmlənməlidir. Uşaq yeddi qat əyilirsə, diqqəti də başqa yerdə olacaq. Biz onlara zorakılıq edirik, bunun isbata ehtiyacı yoxdur. Məktəbəqədər hazırlıq olsun, razıyam. Əyləncə xarakterli olsun, amma bunu mütləq oxu, danış, əzbərlə formasında yox”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Mart 2026, 12:52   
Chosen
51
50
pravda.az

10Sources