EN

“Bu, yalnız hərbi uğur deyil, həm də xalqın birliyinin, təcəssümüdür” – ŞƏRH

XXI əsrin ən önəmli hadisələrindən biri – Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr–10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən “Vətən Müharibəsi”dir. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Tarixi qələbə həm xalqımızın qəhrəmanlığının, həm də güclü liderliyin nəticəsi oldu.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan qeyri-qanuni məskunlaşma, mədəni irsimizə qarşı vandallıq və ekoloji terror həyata keçirmişdi. Uzun illər beynəlxalq təşkilatların qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan status-kvonu dəyişməmək siyasəti yürüdürdü. 2020-ci ilin payızında Ermənistanın təxribatları, hərbi-siyasi avantüraları Azərbaycanı məcbur etdi ki, öz suveren hüquqlarını güc yolu ilə bərpa etsin.

Qarşıdan Azərbaycan dövləti və xalqının mühüm qələbəsi kimi tarixə düşən Zəfər Günü gəlir. 5 il bundan öncə Azərbaycan Ordusu Ermənistanın çoxsaylı təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğaldakı torpaqlarımızı azad etmək üçün 2020-ci il sentyabrın 27-dən antiterror əməliyyatlarına başladı.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edir. Noyabrın 8-də isə Şuşa şəhəri də azad edildi. Hansı ki, Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Tezliklə Ermənistan məğlubiyyətini etiraf edərək, Ağdam, Kəlbəcər, Laçını da tərk edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

2023-cü ilin sentyabrında bir günlük əməliyyat nəticəsində Qarabağın yerdə qalan əraziləri də düşmən tapdağından tam azad edilir. Nəticədə Azərbaycan öz suverenliyini bərpa edir.

Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm qələbə dünya, regional və ölkə miqyasında böyük əhəmiyyətə malik bir qələbədir.
44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi və hərbi tarixində yeni mərhələnin əsasını qoyub. Ekspertlər hesab edir ki, əldə olunan qələbə yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq hüquq, ədalət və sülh məsələlərini də gündəmə gətirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, 44 günlük müharibə Azərbaycan tarixində dönüş nöqtəsi olub. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edib və bu qələbə həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan tarixi əhəmiyyət daşıyır.

Aydın Tağıyev

Politoloq qeyd edib ki, müharibə dövründə baş verən hadisələrin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması vacibdir:

“Ermənistanın törətdiyi cinayətlər, mülki əhalinin hədəfə alınması, yaşayış məntəqələrinin dağıdılması və mədəni irsə qarşı vandalizm aktları ciddi faktlardır. Eyni zamanda, qadağan olunmuş silahlardan istifadə, humanitar hüququn pozulması, əsir və girovlara qarşı qeyri-insani davranış kimi müharibə cinayətləri də danılmazdır”.

Aydın Tağıyev vurğulayıb ki, məcburi köçkünlərin illərlə doğma yurdlarından uzaqda yaşaması, dini və mədəni abidələrin məhv edilməsi Ermənistan vandalizminin açıq nümunəsidir. Onun fikrincə, bu faktların beynəlxalq tribunalarda qaldırılması ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.

Ekspert əlavə edib ki, Azərbaycanın dövlət siyasəti sülhün və insan haqlarının qorunmasına əsaslanır:

“Bu qələbə yalnız hərbi uğur deyil, həm də xalqın birliyinin, iradəsinin və ədalətə inamının təcəssümüdür. Əsas məqsəd qalibiyyətlə yanaşı, ədalətli sülhün təmin olunmasıdır”.

Politoloqun sözlərinə görə, müharibə nəticəsində əldə olunan üstünlük Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir və regionda uzunmüddətli sabitlik üçün zəmin yaradır. O, hesab edir ki, müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması yalnız Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq hüququn işləməsi baxımından da vacibdir.

Sonda Aydın Tağıyev qeyd edib ki, qələbə sülh, insan haqları və ədalətin bərpası ilə tamamlanmalıdır və bu yanaşma gələcəkdə oxşar münaqişələrin qarşısının alınmasına xidmət edir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Chosen
32
1
konkret.az

2Sources