21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2027-nin seçmə mərhələsinin oyununda Bakıda Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra təşkil olunan brifinqdə sualları cavablandırıb:
– Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq
– Sizcə, millimiz Portuqaliya ilə səfərdəki oyunda yaxşı oynamışdı, yoxsa evdə?
– Uduzmuşuqsa, deməli pis oynamışıq.
– İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4 dəfə fərqləndilər. Bu, inkişafdır?
– Neqativ inkişaf olmur.
– Birinci hissədə hesab açılmadı. İkinci yarıda isə rəqib qollar vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiz?
– İlk növbədə intensivliklə bağlıdır. Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz birinci hissəyə yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi.
– Komandadan daha artığını gözləyirdiz?
– Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.
– Hava şəraiti oyuna təsir etdi?
– Şərtlər iki komanda üçün də eyni idi.
– Hücum baxımından komandadan razı qaldız?
– Qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və 1 xal qazanırsan.