EN

Əhməd İsmayılov: Dezinformasiya yayılması problemi xüsusi diqqət tələb edir

BAKI, 27 mart. TELEQRAF

"Müasir dövrdə ictimai rəy artıq yalnız milli sərhədlər daxilində formalaşan sosial fenomen deyil. Rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ictimai rəy qlobal miqyasda formalaşan çoxmərkəzli və dinamik bir sistemə çevrilib. Bu transformasiya yalnız informasiya axınının sürətini artırmaqla kifayətlənməmiş, həm də onun məzmununa, təsir mexanizmlərinə və etibarlılıq kriteriyalarına ciddi şəkildə təsir göstərib".

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İstanbulda keçirilən “STRATCOM” sammitində “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzusunda paneldə çıxışında deyib.

"Əvvəllər ictimai rəyin formalaşmasında ənənəvi media əsas rol oynayırdısa, bu gün sosial media platformaları, rəqəmsal kontent istehsalçıları və hətta süni intellekt əsaslı alqoritmlər bu prosesin aparıcı aktorlarına çevrilmişdir. Bu isə informasiya məkanında həm demokratikləşmə, həm də fraqmentasiya tendensiyalarını paralel şəkildə gücləndirmişdir.

Rəqəmsal kommunikasiya ekosisteminin əsas xüsusiyyətlərindən biri onun mərkəzsiz və interaktiv xarakteridir. İstifadəçilər artıq yalnız informasiya istehlakçısı deyil, eyni zamanda onun istehsalçısı və yayıcısıdır. Bu yeni reallıq ictimai rəyin formalaşmasında iştirak edən subyektlərin sayını artırmaqla yanaşı, məsuliyyətin də diffuziyasına səbəb olmuşdur. Beləliklə, bu transformasiya ilə yanaşı bir sıra çağırışlar da meydana çıxmışdır.

İlk növbədə, dezinformasiya və yanlış məlumatların sürətlə yayılması problemi xüsusi diqqət tələb edir. Rəqəmsal platformaların alqoritmik strukturu bəzən emosional və sensasion məzmunu daha çox önə çıxarır ki, bu da obyektiv və faktlara əsaslanan ictimai rəyin formalaşmasına mənfi təsir göstərir.

İkinci mühüm məsələ informasiya suverenliyi və milli kommunikasiya təhlükəsizliyi ilə bağlıdır. Qlobal platformaların dominantlığı bəzi hallarda milli informasiya məkanlarının zəifləməsinə, yerli kontentin geri planda qalmasına səbəb olur. Bu isə dövlətlərin kommunikasiya siyasətində yeni yanaşmaların formalaşdırılmasını zəruri edir.

Üçüncü istiqamət isə etimad böhranıdır. İnformasiya mənbələrinin çoxalması ilə paralel olaraq, onların etibarlılığına dair şübhələr də artır. Bu şəraitdə ictimai rəyin sabit və sağlam əsaslar üzərində formalaşdırılması üçün institusional mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu kontekstdə strateji kommunikasiya – yəni Stratcom – xüsusi rol oynayır. Stratcom yalnız məlumatın ötürülməsi deyil, həm də onun düzgün kontekstləşdirilməsi, məqsədyönlü şəkildə çatdırılması və ictimai etimadın formalaşdırılması prosesidir" - Əhməd İsmayılov çıxışında deyib.

Chosen
10
8
teleqraf.com

9Sources