EN

"Sabah"ın liderliyinə, "Qarabağ"ın imicinə kölgə salmaq istəyənlər kimlərdir?

"Kəpəz" - "Qarabağ" oyunundakı hesab, meydan sahiblərinin qələbəsi hər kəs üçün gözlənilməz oldu.

Hər nə qədər gözlənilməz olsa da bir oyun ətrafında müzakirələr adətən 1-2 günü keçmir.

Amma bu matçın üzərindən bir xeyli keçsə də, hələ də müzakirə olunur. "Qarabağ"ın məğlubiyyətinə haqq qazandırmaq istəyənlər ortaya son dəqiqələrdə yaşanan epizodu, hakimlərin "Qarabağ"ın lehinə penalti verməməsini əsas gətirirlər.

Penalti var idimi, yox idimi bu ayrı söhbətin mövzusudur. Amma bu penalti verilsəydi də nə dəyişəcəkdi ki? Digər maraqlı məqam bu epizodu qabardanlar bir tərəfdən də çempionluq uğrunda mübarizəyə kölgə düşdüyünü iddia edirlər.

Bir halda ki bu gün "Sabah" rəqiblərini 20-30 dəqiqəyə məğlub edirsə hansı şübhədən, kölgədən söz gedə bilər?

Maraqlıdır ki, bu iddia ilə çıxış edənlər "Qarabağ"ın lehinə qərarlar verilən oyunlardan sonra eyni şeyləri demirdilər... Bəs onda kölgə kimin üzərinə düşürdü? Nəysə, babalı bu iddianı edənlərin öz boynuna.

Oyunun son dəqiqələrində yaşanmış mübahisəli epizodu gündəmə gətirənlər "Qarabağ"ın haqqını müdafiə etməkdən daha çox bu komandanın illərlə, min bir əziyyətlə qazanılmış imici ilə oynamaqla məşğul olduqlarının da fərqində deyillər.

Sübut üçün bu tipdə olan yazıların şərh bölmələrinə baxmaq kifayətdir.

Az qalsın bütün azarkeşlər komandanı "Kəpəz"lə oyunda bir penaltiyə möhtac qalmaqda günahlandırırlar ki, bu da komandanın Çempionlar Liqasındakı uğurlu nəticələri ilə qazandığı müsbət, əzəmətli imicə çox ciddi ziyan vurur.

Nə "Qarabağ"ın belə "dəstəy"ə ehtiyacı var, nə də "Sabah" belə haqsızlığa layiq deyil.

İllər sonra çempionatımız bu cür gərgin mübarizəyə səhnə olur. Oynanılan futbol baxımından "Qarabağ" "Sabah"a, "Sabah" da "Qarabağ"a layiq rəqibdir. Sonda kim layiqdir o da çempion olacaq.

Çempion olmayan komanda da ən xoş sözlərə layiqdir. İstər "Qarabağ " olsun, istərsə də "Sabah".

Bu cür söhbətlərə son qoyub, nə kiminsə imici ilə, nə də kiminsə haqqı ilə oynamağa gərək yoxdur.

Xəlil Sadıq

Chosen
29
sportinfo.az

1Sources