EN

Özgür Kürüm: Ən böyük hədəflərdən biri Azərbaycanda istehsalın həyata keçirilməsidir

Qarşıdakı 5-10 illik dövrdə bizim üçün ən böyük hədəflərdən biri Azərbaycanda istehsalın həyata keçirilməsidir; yəni Azərbaycanın da istehsal edən bir ASELSAN-a sahib olmasıdır.

Bu barədə “Aselsan Bakü” şirkətinin baş direktoru Özgür Kürüm “Poliqon” jurnalına müsahibəsində bildirib.

O vurğulayıb ki, ASELSAN bu millətin və bütün türk dünyasının ortaq dəyəridir: “Bu baxımdan şirkətimiz təkcə Türkiyənin deyil, əlbəttə ki, qardaş Azərbaycanın da ASELSAN-ıdır. Lakin burada istehsal həyata keçirən bir ASELSAN-ın olması bizim üçün çox mühüm hədəfdir. Bu, birgə istehsal modeli ilə də ola bilər, texnologiya transferi yolu ilə də həyata keçirilə bilər. Bu isə Azərbaycan tərəfinin səlahiyyətli qurumları ilə aparılacaq müzakirələr və qarşılıqlı fikir mübadiləsi nəticəsində veriləcək qərardır”.

Onun sözlərinə görə, hansı modelin seçilməsindən asılı olmayaraq, əsas məqsəd birgə istehsal mərhələsinə keçməkdir.

“Biz klassik mənada yalnız məhsul tədarükü və alqı-satqı həyata keçirən bir şirkət deyilik. Xüsusilə Azərbaycana yanaşmamız daha fərqlidir. Biz burada tam şəkildə Azərbaycanın ehtiyaclarına cavab verən bir missiya ilə fəaliyyət göstəririk. Azərbaycan bizim üçün prioritet hesab etdiyimiz və digər ixrac bazarlarından fərqli mövqedə qiymətləndirdiyimiz bir ölkədir. Daha açıq desək, Türkiyədə tətbiq etdiyimiz yanaşmanın Azərbaycanda da eyni forma ilə həyata keçirilməsidir”, – deyə baş direktor qeyd edib.

Özgür Kürüm bildirib ki, artıq məqsədləri təkcə məhsul və ya sistem satışı deyil, Azərbaycanda istehsal həyata keçirmək və hətta gələcəyin texnologiyalarını birgə inkişaf etdirməkdir: “Bu prosesdə “Aselsan Bakü” şübhəsiz ki, bu modelin ayrılmaz hissəsi olacaq. Hətta koordinasiya baxımından mərkəzi rol oynayacağını deyə bilərəm.

Bizim burada vəzifəmiz ən azı öz fəaliyyət sahəmiz çərçivəsində Bakı ilə Ankara arasında körpü, bir növ “dekoder” rolunu oynamaqdır. Bu modelin formalaşmasında da “Aselsan Bakü”nün istiqamətləndirici və koordinasiyaedici funksiyası olacaq. Layihə həyata keçirildikdən sonra onun necə formalaşacağı isə qarşılıqlı yüksək səviyyəli görüşlər və iş modelinin dəqiqləşdirilməsi ilə müəyyənləşəcək; lakin “Aselsan Bakü” mütləq şəkildə bu strukturun tərkib hissəsi olacaq”.

Chosen
19
poliqon.az

1Sources