EN

Vəziyyət getdikcə mürəkkəbləşir – Amerikanın addımı gözlənilməz olacaq

ABŞ-la İran arasında artan hərbi gərginlik fonunda bölgədə vəziyyət getdikcə daha da mürəkkəbləşir. Vaşinqtonun hərbi aktivliyini artırması, eyni zamanda diplomatik kanalları açıq saxlaması mümkün ssenarilərlə bağlı müxtəlif ehtimalları gündəmə gətirir. Xüsusilə quru əməliyyatı ilə bağlı yayılan məlumatlar həm ekspertlər, həm də ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.

Maraqlıdır, ABŞ İrana qarşı quru əməliyyatına başlamaq qərarına nə qədər yaxındır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, hazırkı mərhələdə ABŞ-ın İrana qarşı tammiqyaslı quru əməliyyatı ehtimalı olduqca mübahisəlidir.

Aydın

“ABŞ artıq hava və dəniz əməliyyatlarına start verib və bu çərçivədə İranın hərbi infrastrukturu hədəfə alınır. Belə bir vəziyyətdə genişmiqyaslı quru müdaxiləsi real görünmür.

ABŞ “Operation Epic Fury” (Epik Qəzəb) çərçivəsində zərbələr endirsə də, İranın coğrafiyası və hərbi potensialı quru əməliyyatını son dərəcə riskli edir.

İran da mümkün hücumlara qarşı hazırlıqlarını gücləndirir. Xüsusilə Xarq adası ətrafında müdafiə tədbirləri artırılıb. Bu ada İranın neft ixracının təxminən 90%-ni təmin etdiyindən strateji baxımdan kritik əhəmiyyət daşıyır”.

Aydın Tağıyev vurğulayıb ki, Donald Tramp administrasiyası hələ də diplomatik danışıqlara üstünlük verdiyini bildirir.

“Əgər belə bir qərar qəbul olunsa belə, müharibə uzunmüddətli və ağır nəticələrə gətirib çıxara bilər. İranın coğrafiyası və əhali miqyası ABŞ üçün İraq və Əfqanıstandan daha çətin bir müharibə deməkdir”.

Ekspert əlavə edib ki, hazırda daha real görünən ssenari məhdud hədəfli əməliyyatlardır.

“Bunlara Hörmüz boğazı üzərində nəzarətin gücləndirilməsi və ya Xarq adasının ələ keçirilməsi kimi addımlar daxildir. Bu isə Vaşinqtonun İran üzərində iqtisadi və siyasi təzyiqini artırmaq məqsədi daşıya bilər.

ABŞ-ın İrana qarşı tammiqyaslı quru əməliyyatı hazırda real görünməsə də, regionda gərginliyin artması fonunda risklərin tamamilə aradan qalxdığını demək də mümkün deyil. ABŞ rəhbərliyinin diplomatik kanalları açıq saxlaması isə genişmiqyaslı müharibə ehtimalını müəyyən qədər azaldan əsas amillərdən biri kimi qiymətləndirilir”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
32
1
konkret.az

1Sources