EN

Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir" - Ekspertlərdən sərt reaksiya

Sosial şəbəkələrdə son dövrlər geniş müzakirələrə səbəb olan yeni bir tendensiya diqqət çəkir.

Belə ki, bəzi səhifələr süni intellekt texnologiyalarından istifadə edərək mərhum insanların görüntülərini “canlandırır” və bu videoları pul qarşılığında təqdim edirlər.

Bir qisim istifadəçi bunu texnoloji yenilik və yaradıcı yanaşma kimi dəyərləndirsə də, digərləri bu cür paylaşımları etik baxımdan qəbuledilməz hesab edir, mərhumların xatirəsinə hörmətsizlik kimi qiymətləndirir.

Məsələ təkcə etik müstəvi ilə məhdudlaşmır, eyni zamanda dini və psixoloji aspektlərdən də ciddi suallar doğurur.

Bu cür kontentlərin hazırlanması nə dərəcədə doğrudur və İslam baxımından buna münasibət necədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu kimi hallara yanaşma yalnız etik baxımdan deyil, ümumilikdə doğru hesab oluna bilməz:

"Bu mövzuların İslama heç bir aidiyyəti yoxdur. İslam ölülərlə deyil, dirilərlə maraqlanan bir dindir. Bu səbəbdən mövzu ilə bağlı başqa nəsə deməyim mümkün deyil. Ona görə əlavə şərhə ehtiyac duymuram".

Pedaqoq-psixoloq Zeynəb Əyyubova isə qeyd edib ki, bu tendensiya texnoloji baxımdan maraqlı görünsə də, psixoloji baxımdan bir sıra həssas və diqqət tələb edən məqamlar var:

"Yas prosesi insan psixologiyasında çox həssas mərhələdir. İnsan itki ilə barışmaq, reallığı qəbul etmək və emosional adaptasiya üçün müəyyən bir zamana ehtiyac duyur. Mərhum insanların süni şəkildə "canlandırılması" isə bu prosesi çətinləşdirə, insanın reallıqla emosional ayrılmasını gecikdirə bilər. Bu, xüsusilə yaxınını yeni itirmiş şəxslərdə emosional asılılıq və inkara səbəb ola bilər".

Psixoloq əlavə edib ki, bu yas prosesinin sağlam şəkildə tamamlanmasına mane ola bilər:

"İnsan beyni gördüyü vizual görüntüləri emosional olaraq real kimi qəbul etməyə meyillidir. Bu cür videolar bəzi insanlarda qısamüddətli təsəlli yaratsa da, uzun müddətdə psixoloji qarışıqlıq, nostalji ilə reallıq arasında sərhədlərin pozulması kimi hallara səbəb ola bilər".

Pedaqoq bildirib ki, bu məsələnin etik tərəfi də olduqca önəmlidir:

"Mərhum insanların görüntülərinin onların razılığı olmadan istifadə edilməsi, xüsusilə kommersiya məqsədilə paylaşılması, həm ailə üzvləri üçün travmatik ola bilər, həm də cəmiyyət daxilində narahatlıq yarada bilər. Bu, insanların şəxsi sərhədləri və hörmət anlayışı ilə bağlı ciddi suallar doğurur.

Eyni zamanda, dini baxımdan da bu cür paylaşımlar birmənalı qarşılanmır. Bir çox insan üçün ölüm müqəddəs və həssas mövzudur. Süni intellekt vasitəsilə mərhumun "yenidən təqdim olunması" bəzi insanlarda narahatlıq, hətta qorxu hissi yarada bilər".

Onun sözlərinə görə, burada ən vacib məqam isə odur ki, texnologiya insanların emosional sağlamlığına zərər verməməli, əksinə faydalı və dəstəkləyici istiqamətdə istifadə olunmalıdır:

"Ümumilikdə, texnologiyanın inkişafı qaçılmazdır, lakin bu inkişafdan istifadə edərkən insan psixologiyası, etik dəyərlər və cəmiyyətin həssaslığı mütləq nəzərə alınmalıdır".

Chosen
25
cebheinfo.az

1Sources