Mənzil təkcə dörd divar deyil, insanın şəxsi məkanı, rahatlıq tapdığı sahədir. Maraqlıdır ki, bu “şəxsi məkanın” ölçüsü ölkədən ölkəyə ciddi şəkildə dəyişir. Məsələn, Avropada tək bir insan üçün ayrılan yaşayış sahəsi bəzən bir mənzil boydadır: Türkiyədə 40 m², Böyük Britaniyada 43 m², Almaniyada 48 m², Fransada isə 51 m² (Bakıda ikiotaqlı mənzil həcmində)
Amma postsovet ölkələrində bu sahə getdikcə daralır: Rusiyada bu yaxınlarda adambaşına düşən sahə 29 m² təsdiqaləndi, Qazaxıstan 26 m², Özbəkistan təxminən 25-30 m²-dir. Avropa ölkələrindən kəskin fərqlənmənin bir səbəbi də tarixi amildir: postsovet ölkələrində mənzillər daha kiçik layihələndirilib. Xüsusən də “Xruşşovka” adlandırılan kiçik, dar mənzillərə keçmiş sovet respublikalarının hər tərəfində rast gəlmək olur.
Üstəlik bu ölkələrin əksəriyyətində gəlir səviyyəsi aşağıdır, insanlar daha böyük ev almağa çətinlik çəkirlər. Bundan başqa sovet, həmçinin şərq ailəsi modelində insanlar sıx yaşamağı bacarırlar, yaxud buna məcburdurlar. Yəni eyni ev sahəsini şəxsi imkan oldu-olmadı mütiliklə bölə bilirlər.
Bəs Azərbaycanda “şəxsi məkan” neçə m² -dir?
Azərbaycan da postsovet ölkələrindən biri olaraq, digər tarixdaşlarından fərqlənmir. Bizdə də bu rəqəm təxminən 20-30 m²-dir. Amma paytaxtla regionlar arasında fərq kifayət qədər hiss olunur. Bakıda adambaşına düşən yaşayış sahəsi adətən daha aşağıdır (18-25 m²).
Buna səbəb paytaxtda əhali sıxlığının yüksək olmasıdır. Regionlarda bu göstərici adətən daha yüksəkdir: 25-35 m², hətta bəzən daha çox, fərdi evlər geniş olur, nəzərə alaq ki, rayonlarda həyət evləri üstünlük təşkil edir. Ailələr eyni evdə yaşasa da ümumi sahə böyük olur, adambaşına rahat şəxsi sahə düşür.
Şəfiqə şəfa, Bizim.Media