EN

Yaxın Şərqdə müharibə: Fransa iqtisadiyyatı iqtisadi tənəzzüldən yayınacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 27 mart, AZƏRTAC

Fransa Mərkəzi Bankının rəhbəri ölkədə iqtisadi artımın zəifləyəcəyini, lakin mənfi zonaya düşməyəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdə davam edən müharibə Fransanın iqtisadiyyatına təsir göstərsə də, ölkənin iqtisadi tənəzzüldən yayınacağı gözlənilir. Bu barədə Fransa Mərkəzi Bankının rəhbəri Fransua Vilerua dö Qalo açıqlama verib. Bank rəhbəri “France 2” telekanalına müsahibəsində bildirib ki, hazırkı vəziyyət əvvəlki neft şoklarından fərqlənir. Onun sözlərinə görə, 1973 və 1979-cu illərdə baş verən neft böhranları uzunmüddətli və daha kəskin təsirlərlə müşayiət olunmuşdu: “Əvvəllər qiymətlər kəskin artaraq uzun müddət yüksək səviyyədə qalırdı. Bu dəfə isə artım mənfi xəbər olsa da, bazar iştirakçıları qiymətlərin sonradan yenidən enəcəyini gözləyirlər”.

Onun sözlərinə görə, əvvəlki neft şokları zamanı yanacaq qiymətləri 60-70 faiz artmışdı, hazırkı vəziyyət isə daha məhdud və idarəolunan təsir göstərir.

Mərkəzi Bank rəhbəri qeyd edib ki, Yaxın Şərqdəki gərginlik Fransa və ümumilikdə Avropa iqtisadiyyatı üçün daha aşağı artım və bir qədər yüksək inflyasiya deməkdir. Onun təqdim etdiyi əsas ssenariyə görə, 2026-cı ildə Fransada iqtisadi artım 0,9 faiz səviyyəsində olacaq. Bu göstərici əvvəl proqnozlaşdırılan 1 faizdən bir qədər aşağı olsa da, yenə də müsbət qalır.

İnflyasiyanın isə 1,3 faizdən 1,7 faizə yüksələcəyi gözlənilir. Daha uzunmüddətli proqnozlara əsasən, inflyasiya 2027-ci ildə 1,4 faiz, 2028-ci ildə isə 1,6 faiz səviyyəsində olacaq.

Fransua Vilerua dö Qalo vurğulayıb ki, Fransada inflyasiya səviyyəsi Avropa ortalamasından aşağı olaraq qalır. O, həmçinin ölkənin nüvə enerjisi istehsalının bərpasını iqtisadi üstünlüklərdən biri kimi qiymətləndirib.

Mərkəzi Bank rəhbəri daha mənfi ssenarilərdə belə Fransanın iqtisadi tənəzzüldən yayınacağını bildirib. Neft qiymətlərinin daha uzun müddət yüksək qalması iqtisadi artımı zəiflədə bilər, lakin ölkə yenə də müsbət artım tempini qoruyacaq.

Eyni zamanda, Fransua Vilerua dö Qalo proqnozların qeyri-müəyyənlik fonunda hazırlandığını da vurğulayıb. Onun fikrincə, müxtəlif ssenarilər əsasında planlaşdırma aparmaq mövcud riskləri daha düzgün qiymətləndirməyə imkan verir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
azertag.az

2Sources