EN

“Arşın mal alan” Ankarada opera səhnəsində nümayiş etdirildi

BAKI, 27 mart. TELEQRAF

Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri Türkiyənin Ankara şəhərində opera səhnəsində nümayiş etdirilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Bale BaşMüdirliyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin opera səhnələrində nümayiş etdirilməkdədir.

Bu əməkdaşlıq çərçivəsində martın 26-da Ankarada Azərbaycanın dahi bəstəkarı, Türk dünyası musiqisinin zirvəsiÜzeyir Hacıbəylinin məşhur operettası “Arşın Mal Alan” əsəri səhnəyə qoyulub.
Əsərin premyerasında Ankara Opera və Bale Genel Müdiri Demet Gökalp, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, media nümayəndələri, geniş ictimaiyyət iştirak edib.

Tamaşada baş rolları Əsgər-Şenol Talınlı, Gülçöhrə-Esin Talınlı, Asya-Olça Bora, Süleyman-Serkan Kocadere, Əsgərin xalası-Sibel Kızıltaş, Soltan bəy-Mehmet Yılmaz, Telli-Ayten Hanalioğlu və Vəli-İbrahim Halil Turgut ifa ediblər.

Yüksək səhnə tərtibatı, dekorasiya, artistlərin Azərbaycan və Türk dillərində ortaq istifadə etməklə oynadıqları rollar və musiqilər böyük maraqla qarşılanıb.
Anşlaqla keçən “Arşın mal alan” əsərinin tamaşasıAnkara tamaşaçılarının alqışları ilə müşaiyət olunub.

Qeyd edək ki, sözügedən tamaşanın Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Dövlət Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə Türkiyənin müxtəlif bölgələrində də səhnələşdirilməsi nəzərdə tutulur.

Bu layihə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Chosen
28
7
teleqraf.com

8Sources