EN

Türkiyə Rumıniya səddini Fərdi Kadıoğlu ilə aşdı

Dünən DÇ-2026-nın 8 pley-off oyunu keçirildi. Türkiyə İstanbulda - doğma fanatları önündə Rumıniyanı qəbul etdi.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası heyət və səviyyə baxımından rəqibindən bir baş üstün olsa da, meydanda bunu o qədər də əks etdirə bilmədi.

Aşkar favorit statusundan başqa 24 ildi, dünya çempionatına qatılmamaq amili də Türkiyənin üzərində ciddi təzyiq yaradırdı. Böyük qüvvə ilə müdafiə olunan və rəqibin ulduzlarına boş zona verməyən Mirça Luçeskunun komandası fasiləyə kimi qapısını toxunulmaz saxladı.

Həlledici qol ikinci hissənin əvvəllərinə təsadüf etdi. Arda Gülərin mükəmməl ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Fərdi Kadıoğlu yığmada ilk dəfə rəsmi matçda qol vurdu. Bu, türklərin ''çərçivə''yə düşən ilk zərbəsi idi. Rumınlar qalan müddətdə fəallaşsalar da, yalnız bir ciddi təhlükə yaratmağa müvəffəq oldular. 78-ci dəqiqədə Mihaylanın zərbəsindən sonra qapıçını da keçən top boş qapıya yuvarlanmaq üzrə olarkən dirəyə dəydi və meydana döndü. Bu epizodda ''ay-ulduzlular''ın bəxti gətirdi.

Beləliklə, oyunda başqa qol olmadı və Türkiyə çətinliklə də olsa, həlledici pley-offa vəsiqə qazandı.

DÇ-2026 yolunda türklər önündəki son maneə Kosovo olacaq. Kosovolular səfərdə Slovakiya ilə görüşdə 4:3 hesablı əzmkar və mühüm qələbə qazandılar. Kosovo - Türkiyə oyunu martın 31-də Priştinada keçiriləcək.

Chosen
25
football-plus.az

1Sources