EN

Tehranı Moskvaya yalvarmağa məcbur edən ŞOK SƏBƏB: Tramp görün İrana nələr edib…

ABŞ və İran arasında danışıqlara dair iddiaların müzakirə olunduğu bir vaxtda, İranın raket ehtiyatı ilə bağlı ortaya çıxan təəccüblü detallar diqqət çəkib. Bir tərəfdən sürətlə azalan arsenal, digər tərəfdə isə gözlənilməz yenilənmə qabiliyyəti müşahidə olunur. Hazırda əsas sual İranın əlində nə qədər raket və sursatın qaldığıdır. Bu sualın cavabı regionun təkcə bu gününü deyil, gələcək təhlükəsizlik balansını da müəyyən edə bilər.

KONKRET.az mövzu ilə bağlı araşdırmanı təqdim edir:

ABŞ, İsrail, İran və Körfəz ölkələri arasında Yaxın Şərqdə gərginlik yeni hərbi məlumatlar və sahədən gələn xəbərlərlə daha da artıb. “Daily Mail” qəzetinin məlumatına görə, İsraildə yerləşən “Alma” Araşdırma Mərkəzinin son hesabatı İranın raket imkanlarının əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Hesabatda qeyd olunur ki, İranın raket ehtiyatı təxminən 2500-dən 1000-ə qədər azalıb.

Qiymətləndirmələrə əsasən, münaqişənin əvvəlində İranın arsenalında təxminən 2500 ballistik və müxtəlif növ raket olub. Lakin hazırda bu rəqəmin 1000-ə qədər düşdüyü iddia edilir. Bu hal İranın uzunmüddətli və intensiv münaqişə aparmaq qabiliyyətinə dair mühüm göstərici kimi dəyərləndirilir.

Maraqlıdır ki, müharibənin ilk günlərində İran gündə onlarla raket buraxdığı halda, sonradan bu göstərici xeyli azalıb. Hesabatda bildirilir ki, hazırda Tehran gündə orta hesabla 10 raketlə İsrailə zərbələr endirir. Analitiklər bunu həm ehtiyatların azalması, həm də logistik və əməliyyat məhdudiyyətləri ilə izah edirlər.

Münaqişə bir aylıq mərhələyə yaxınlaşdıqca İranın cavab imkanlarında zəifləmə müşahidə olunsa da, əvvəlki təcrübə Tehranın qısa müddətdə potensialını bərpa edə bildiyini göstərir.

Bəs bu necə mümkün olur?

Məsələn, ötən il 12 günlük münaqişədən sonra İranın təxminən 1500 raketə malik olduğu bildirilmişdi. Buna baxmayaraq, Tehran rəhbərliyinin cəmi səkkiz ay ərzində təxminən 1000 yeni raket istehsal etdiyi vurğulanır.

Bununla belə, bəzi ekspertlər hesab edir ki, İranın raket sayının dəqiq bilinməsi onun üçün əlavə risk yarada bilər.

Məsələnin yüksək məxfilik tələb etdiyini vurğulayan mənbələr bildirir ki, İranın bu məlumatları ictimaiyyətlə bölüşməsi inandırıcı deyil. Qeyd olunur ki, ölkə ərazisində – şimaldan cənuba, eləcə də cənub-şərq istiqamətində dağlıq ərazilərdə çoxsaylı sursat anbarları yerləşir. Bu səbəbdən real raket ehtiyatını dəqiq müəyyən etmək çətindir.

Digər tərəfdən, Rusiyanın İrana pilotsuz uçuş aparatları (PUA) tədarük etməyə başladığı barədə məlumatlar yayılıb. “Financial Times” nəşrinə danışan Qərb kəşfiyyat rəsmiləri bildiriblər ki, bu, münaqişə başlayandan bəri Moskvadan Tehrana ilk məlum ölümcül sursat transferidir. Bu addımın İranın ABŞ və İsraillə qarşıdurmada hərbi potensialını gücləndirməyə yönəldiyi qeyd olunur.

“The Telegraph” qəzetinin məlumatına görə, Qərb kəşfiyyatının hesabatları ilə tanış olan iki rəsmi şəxs İran və Rusiya arasında pilotsuz aparatların tədarükü ilə bağlı müzakirələrin münaqişənin ilk günlərində başladığını bildirib. Yüklərin emalına martın əvvəlində start verildiyi və ayın sonuna qədər tamamlanmasının planlaşdırıldığı qeyd edilir.

Məlumatlarda İrana göndərilən pilotsuz aparatların “Geran-2” və “Şahid-136” kamikadze tipli olduğu iddia olunur. Bu sistemlərin İranın “Şahid” dizaynı əsasında yaradıldığı və daha əvvəl Rusiya tərəfindən Ukraynada istifadə edildiyi vurğulanır.

Professor Nikol Qrajevski “Financial Times”a açıqlamasında bildirib ki, Rusiya “Şahid” tipli dronları, xüsusilə onların mühərrik, naviqasiya və radioelektron mübarizəyə davamlılıq imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirib. Onun sözlərinə görə, bu səbəbdən həmin sistemlər İranın yerli istehsalı olan pilotsuz aparatlarla müqayisədə daha üstün hesab olunur.

Fevralın 28-də ABŞ və İsrailin hücumlarından sonra İranın raket və pilotsuz aparat istehsal imkanlarının təxminən üçdə ikisinin məhv edildiyi ehtimal edilir. Bu səbəbdən Tehranın hərbi ehtiyaclarını qarşılamaq üçün Moskvaya üz tutduğu bildirilir.

Dəniz Pənahova

KONKRET.az

Chosen
21
konkret.az

1Sources