Bu günlərdə Reaksiya TV-nin efirində həmkarım Zaur Qəriboğlunun dəvəti ilə Ağ Partiyanın sədri Tural Abbaslı ilə debata çıxmışdım. Guya İran müharibəsini müzakirə edirdik. “Guya” deyirəm ona görə ki, Yaxın Şərq tarixindən və geopolitikasından qətiyyən xəbəri olmayan opponentim müzakirəni dedi-qodu səviyyəsinə endirmək üçün tez-tez sözümü kəsir, primitiv suallar verir və nəticədə məni öz səviyyəsinə çəkmək istəyirdi. İsrailin bayrağındakı iki xətti “Böyük İsrail” ideyasının təzahürü təqdim etməkdən- yeri gəlmişkən, bu doğru fakt deyil, vaxtilə Yasir Ərəfat tərəfindən ortaya atılmış komplo nəzəriyyəsidir- uzağa gedə bilməyən qarşı tərəf Benyamin Netanyahunu “qatil”, “cinayətkar” adlandırdı. Buna etiraz etdim.
Dünən axşam isə tanışlar mesaj atdılar ki, bəs, vaxtilə ADP-nin liderlərindən olmuş, hazırda xaricdə yaşayan Qurban Məmmədov həmin verilişdən qısa fraqmentlər kəsərək mənim qarama danışıb. Doğrusu, Qurban Məmmədovun verilişinin tam videosunu tapmadım, heç axtarmadım da. Ancaq izlədiyim bir neçə dəqiqəlik kəsintidə Qurban Məmmədovun yanaşmasına heyrətlənməyə bilmədim, lakin bu heyrətimi kifayət qədər nəzakətlə ifadə edəcəm. İndiki halda Qurban Məmmədovun siyasətçi kimliyi, müxalifətçi mövqeyi və mühacir aqressiyasını bir kənara qoyuram. Sadəcə, hüquqşünas Qurban Məmmədova sırf öz sahəsində bir neçə kəlimə deyəcəm.
Yəhudilərin müqəddəs kitabı Talmud hər bir insanı günahı sübut edilənə qədər günahsız sayırdı.
Mənim də mənsub olduğum islamın şiə məzhəbinin birinci imamı Həzrət Əli isə deyirdi:
“Şübhəli dəlillərlə cəza verməyin”.
Fridrix Bastiat isə “Hüquq” əsərində yazırdı: “Hüquq ədalətdir”- debatda da müəllifi göstərmədən eyni fikri xatırlatdım.
Fransız liberallarının öncül isimlərindən olan Bastiat 19-cu əsrdə yaşamışdı, ancaq təqsirsizlik prezumpsiyasının məğzi ilə bağlı ilk düşüncələr günümüzdən az qala 4 min il öncəyə- Hammurapi qanunlarına gedib çıxır.
Doğrudanmı biz azərbaycanlılar az qala 4 min il yaşı olan bir anlayışı hələ də dərk və qəbul edə bilmirik?
Mənim fikrimcə, Qurban Məmmədov da daxil olmaqla, sözügedən debatı izləyən hər kəsin verməli olduğu ilk sual məhz bu olmalı idi.
Bu termin Anqlo-Sakson hüquq sistemində “The Presumption of Innocence” şəklində ifadə edilir. Hərfi təcrübəsi “günahsızlıq ehtimalı”dır. Yuxarıda qeyd olunan hüquq sistemində təqsirsizlik prezumpsiyası ədalətli mühakimənin heç də sıradan əlaməti deyil, suçu hətta kifayət qədər əsaslı şübhələrin də xaricində konkret və birmənalı dəlillərlə isbatlanmayan fərdin cinayətkar sayılmamasını təmin edən, eyni zamanda sübutlar məcmusunu zəruri sayan prosessual prinsipdir.
Təqsirsizlik prezumpsiyası Azərbaycan Konstitusiyasında da əks olunur- 63-cü maddədə.
Həmin maddəni məxsusi olaraq tam şəkildə yazıram:
Təqsirsizlik prezumpsiyası
I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Bu maddə Azərbaycan Ana Yasasına təsadüfən düşməyib. İlk növbədə əsas götürdüyümüz Roman-German hüququ bunu zəruri edir. E.ə IV əsrdə Afina şəhərin rəhbəri Demosfen “suç tam məlum deyilsə, suçlu da yoxdur” qaydasını müəyyən etmişdi. Eyni qayda Roma imperatoru Piy Antoninin konstitusiyasında da yer almışdı.
Bundan başqa, çağdaş sivilizasiyanın yönverici mətni olan və BMT tərəfindən qəbul olunan Ümumdünya İnsan haqları Bəyannaməsi də vurğuladığım məsələ ilə bağlı önəmli mənbədir.
Bəyannamənin 11-ci maddəsində yazılır:
“Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun müdafiə üçün zəruri bütün təminatlara malik olmalı olduğu məhkəmədə təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”.