EN

Ayxan Abbasov: “Hər iki oyuna maksimum nəticə üçün çıxacağıq” – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Sent Lüsiya yığması ilə oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz sabah “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sumqayıtda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Ayxan Abbasov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu il ilk toplanışımızdır. UEFA Millətlər Liqasının oyunlarına qədər iki toplanışımız olacaq. Bundan maksimum istifadə etmək istəyirik ki, hazır olaq. Sevindirici hal odur ki, bu gün milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Bu da bizi sevindirir. Futbolçuların bir-birinə uyğunlaşması çox vacibdir. Çox vaxtımız olmayacaq. Rəqiblər bəllidir. Bizim üçün yad komandalar olsalar da, çalışdıq ki, futbolçularımıza məlumat verək. İnanıram ki, hər iki oyunda meydanda maksimum nəticə qazanacağıq. Futbolçular əllərindən gələni edəcəklər.

Milli komanda ötən il çox çətin qrupda mübarizə aparırdı. Rəqiblər bizdən qat-qat üstün idilər. Amma biz həmin millilərlə mübarizə apardıq. Futbolçularımızın istəyi göz önündə idi. İndi nəticə də istəyirik. Əsas məqsədimiz düşdüyümüz D Liqasından C Liqasına çıxmaqdır. Hazır olmaq üçün bu oyunlar vacibdir. Millinin toplanışı, bir yerdə olması çox baş vermir. Toplanışdan-toplanışa daha yaxşı olmaq üçün əlimizdən gələni edəcəyik”.

Ayxan Abbasov üçün hər futbolçu önəmlidir

Ayxan Abbasov “Kəpəz”in qapıçısı Yusif İmanovun bu toplanışa dəvət almamasına da aydınlıq gətirib:

“Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verərəm ki, niyə olmalıdır? Bizim üçün hər futbolçu önəmlidir. Yusifin legioner karyerası uğurlu alınmadı, “Kəpəz”ə qayıtdı. Bir neçə oyunda əsas heyətdə yerini itirmişdi. Son matçlarda yaxşı performans göstərdi. Qapıçı mövqeyi bizim üçün çətin mövqedir. Çünki çempionatımızda komandalar legionerlərə üstünlük verirlər. Rəqabət var. Hər dəfə millinin heyəti açıqlananda hansısa adlar önə çəkilir. Necə ki, Mahir Emreli Fransa ilə oynayanda məni çox qınadılar. Ondan sonra Mahirə qarşı öz klubunda fikirlər dəyişdi. Qol vurdu və hamı onun fotosunu paylaşıb, təbrik etdi. Biz 3 qapıçı çağırmışıq. Dördüncü qapıçımşız Şahruddindir. Həkimlərlə danışdıq, o, məşqlərə hazır idi. O, zədəni Fransa ilə görüşdə almışdı. Kapitanlarımızdandır. Dünya praktikasında da var ki, liderlik keyfiyyəti olan futbolçular zədəli olsa da, toplanışa dəvət edilir. Məşqlərdə çox əzmkardır. Biz bu günə baxmırıq, gələcəkdə Yusif və digərləri də çağırılacaq. Əvvəl deyirdilər ki, niyə Kamran İbrahimov və Mehdi Cənnətov dəvət edilmir? Ola bilər ki, qarşıdakı toplanışda Yusif də olsun.

Bu gün Səlahət Ağayev, Rza Cəfərov və Yusif İmanov stabil olaraq qapıda dayanır. Gənc qapıçı Xəyal Fərzullayev var. U-21 yığmamız da vacib oyunlara çıxır. Seçimləri azdır. Xəyalın da performansına baxırıq. Bu oyunlara hazırdır? O da yolu keçmək üçün böyük matçlar oynamalıdır. Yoxlanış üçün, turnirə hazırlaşmaq üçün vaxtımız yoxdur. İki toplanışımız olacaq. Heyətimizi bəlli etməliyik, futbolçular bir-birinə öyrəşməlidir. Sabah hansısa bizdən də güclü liqalarda qapıçı olarsa, birinci özümüz maraqlanacağıq”.

“Ümidimiz böyükdür”

Ayxan Abbasov klubda və millidə işləməyin çətinliyi barədə sualı da cavablandırıb:

“Premyer Liqada çətinliyi arxada qoyduq. Mövsümün əvvəlində qarşıya qoyulan ilk məqsəd Premyer Liqada qalmaq idi. Bilirdik ki, mövsüm çətin keçəcək. Klubda problem yoxdur. Millidə Ukrayna ilə matçda bir xal qazandıq. Adlar bizə bəlkə rahatlıq verir, Litva və Lixtenşteyn. Amma oyunlara baxanda, böyük fərqimiz yoxdur. Hər kəs problemlərimizi bilir, işə başlamalı, azarkeşlərə bildirməliyik ki, bu problemlər həllini tapana qədər səbirli olsunlar. Aşağı yaş qrupları işləyəcək, düzələcək. Bu da klublardan gəlməlidir, klubların akademiyalarında futbolçular yetişir. Bu gün millinin məşqçisi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə, bizi sevindirir. “Neftçi”, “Sabah”, “Qarabağ”, “Zirə”dən gələnlər ən yaxşı formadadır. Liqada da yaxşı performans göstərirlər. Bu da millinin matçlarına təsir edəcək. Aşağı yaş qruplarındakı problemlərə gəlincə, uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna baxışı dəyişməyib. Bu da yığma komandalarımıza təsir edir.

Dördüncü toplanışımızdır. Milli üzvlərini əhval-ruhiyyəsini bu cür görməmişdim. Bəzi futbolçuların xırda zədələri var idi. Həkimlər xahiş etmişdi ki, istirahət etsinlər, amma onlar milliyə gəlmək istədilər. Onlar üçün də xoş deyil ki, 1 ildir qalib gələ bilmirik. Azərbaycanın adı var. Bu qələbələri qazanmalıyıq ki, azarkeşləri sevindirək. Məşqlər o qədər maraqlı keçdi ki, bəzi futbolçular yorulduqlarını dedilər. Çünki intensiv hazırlıq keçdi. İstək var. Futbolda hər bir nəticəyə hazır olmaq lazımdır. Ümidimiz böyükdür. Çalışacağıq ki, bu durumdan birlikdə çıxaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
54
arena.az

1Sources