Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu Rumıniyaya qarşı DÇ-2026-nın pley-off matçından öncə ''TRT Spor'' kanalına diqqətçəkən acıqlamalar verib. Xatırladaq ki, Türkiyə - Rumıniya duelinin qalibi pley-offun finalında Slovakiya - Kosovo oyununun qalibi ilə qarşılaşacaq. Hacıosmanoğlunu dinləyək: ''Mundiala vəsiqə qazanmağı hər birimiz çox istəyirik. Millət olaraq bunu istəyirik. Allahın köməyi ilə hər iki sınaqdan üzüağ çıxaraq hədəfimizə çatacağıq. Dünya çempionatı bizi gözləyir. İnşallah orda da uğurlu çıxış edərik. Böyük danışmaq yaxşı şey deyil. Amma Rumıniya, Kosovo və Slovakiya kimi rəqibləri yenə bilmədikdən sonra ABŞ-a heç getməyə də dəyməz. Bu sözü söylədikdə bəziləri inciyir. Amma məncə, səviyyə və xarakter baxımından tariximizdəki ən yaxşı komandaya sahibik. Bu oyunçular hər şeyə layiqdi. Qrup mərhələsi üçün də püşk bizə uğurlu gəldi. Ancaq öncə bu iki oyunu qəzasız başa vurmalıyıq. Sonra Allah nəsib etsə, mundialda da bütün türk və İslam dünyasını sevindirəcəyik. Bir çox İslam ölkələrinin prezidentləri mənə ''sizin uğurlarınızla qürur duyacağıq'' deyiblər. Yəni arxamızda təkcə 80 milyon yox, daha çox insan dayanıb''.