EN

Azərbaycanlı alim, tanınmış ictimai-siyasi xadim vəfat etdi

Azərbaycanlı alim, tanınmış ictimai-siyasi xadim Qəni Əhmədov vəfat edib.

BAKU.WS xəbər verir ki, Əhmədov Qəni Bəhram oğlu 1941-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.

Həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirərək 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunaraq 1965-ci ildə həmin institutu alim-aqronom ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Saatlı rayonunun M.Ə.Sabir adına üzümçülük sovxozunda mikrobioloq, baş aqronom vəzifələrində işləməklə başlayıb. 1966–1970-ci illərdə Beyləqan (keçmiş Jdanov) rayonunun indiki Oranqala üzümçülük sovxozunda şöbə müdiri, baş aqronom, sonra isə rayonun Baş Dövlət Tədarük müfəttişi, 1971–1973-cü illərdə isə Azərbaycan LKGİ Beyləqan rayon Komitəsinin 1-ci katibi vəzifələrində çalışıb. Bu vəzifədə o, Azərbaycan LKGİ MK üzvü seçilib. 1973–1975-ci illərdə Azərbaycan KP Beyləqan rayon Komitəsinin katibi işləyib.

1975–1977-ci illərdə Azərbaycan KP MK bürosunun qərarı ilə Moskva şəhərində Sov.İKP MK yanında Ali Partiya məktəbində Ali-Siyasi Partiya təhsili almış, elmi sahədə fəaliyyətini davam etdirmək üçün namizədlik dissertasiyası da qismən başa vurmuşdur. 1977–1978-ci illərdə "Milkanaltexnika" trestinin Partiya Komitəsinin katibi, 1978–1983-cü illərdə Azərbaycan KP Beyləqan rayon Komitəsinin II katibi, 1983–1993-cü illərdə rayonun SSRİ-nin 60 illiyi adına pambıqçılıq və "Mil" üzümçülük sovxozlarında direktor vəzifələrində işləyib.

1993–1995-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2000–2005-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda işləyib.

SSRİ Ali Sovetinin fərmanları ilə "Şərəf nişanı" (1973) ordeni, "Əmək igidliyinə görə" (1979) və "Əməkdə fərqlənməyə görə" (1981) medalları ilə təltif olunub.

Rayona rəhbərlik dövründə aqrar sektorun inkişafı sahəsində yüksək idarəçilik mexanizmini tətbiq etmişdir. Dəfələrlə iqtisadi siyasətin və aqrar islahatların inkişafı ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən respublikalar, xüsusilə Özbəkistan, Tacikistan və Türkmənistan qarşılıqlı yoxlama qruplarında nümayəndə heyətinin tərkibində respublikamızı təmsil edib.

Rayonun ilk Aqrar İslahat Komissiyasının sədri olmuşdur. 1979-cu ilin yanvar və fevral aylarında Sov.İKP MK Siyasi Bürosunun qərarına uyğun olaraq Kiyev şəhərində siyasi heyətin təkmilləşdirilməsi üzrə qapalı kurs keçmiş və kapitan rütbəsi alıb.

1993–1995-ci illərdə Beyləqan rayonuna rəhbərlik edərkən rayonun müdafiəsi və erməni işğalına düşməməsi üçün Azərbaycanın Ümummilli lideri mərhum Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu ilə birlikdə çox böyük xidmət göstərmişdir. 1993-cü ilin dekabr və 1994-cü ilin yanvar-fevral aylarında əks həmlələrin təşkili və Füzuli rayonunun yaşayış məntəqələrinin erməni işğalından azad edilməsində yaxından iştirak edib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. "Mənim Beyləqanım" kitabının müəllifidir. 25 Mart 2026 cı ildə Vəfat etmişdir. Allah rəhmət etsin!

Chosen
34
far.az

1Sources