EN

“Universitetlərimiz elmi mərkəz yox, diplom sexləridir...” EKSPERT TƏHLİLİ

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

“Universitetlərimiz  niyə dövlətin intellektual güc mərkəzi ola  bilmədi? -Ali təhsilimizin  30 illik sistem böhranı  haqda qeydlər…”

“Universitetlər zəif təhsil sisteminin məhsuludur, bu problemlərin səbəbkari deyil. Eyni ilə də təhsil sistemi zəif müəllim korpusunun yaranma səbəbidir, müəllimlər zəif təhsil sisteminin səbəbkarı deyil…”

“Artıq universitetlərə  “tədris müəssisəsi” kimi deyil,  “dövlətin intellektual güc platforması” kimi baxılmalıdır.  Əgər bu yanaşma dəyişməzsə, universitetlər transformasiya olunmayacaq, insan kapitalı yenə zəif qalacaq…”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə "Universitetlərimiz  niyə dövlətin intellektual güc mərkəzi ola  bilmədi?(Ali təhsilimizin  30 illik sistem böhranı  haqda qeydlər…)” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Son 30 ilin ali təhsil təcrübəsi  göstərdi ki, Azərbaycan universitetləri XXI əsrdə dövlətin intellektual güc mərkəzinə çevrilə bilmədi. Onlar nə keyfiyyətli insan kapitalı yarada bildi, nə elmlə təhsili səmərəli inteqrasiya edə bildi, nə də müasir  innovasiyalar  mərkəzinə çevrilə bildi. Belə uğursuzluqların səbəblərini  yalnız universitetlərdə axtarmaq metodoloji səhv olardı. Problemin kökü daha dərindədir. Səhvlərin kökü  Elm və Təhsil Nazirliyində , onun qurduğu  “təhsil siyasəti”ndə, reallaşdırdığı “strateji” idarəetmədə və  təşkilati  quruculuqdadır...

Strateji boşluq  və  sistemsiz modernləşmə…

Müasir tələblərə cavab verən, mükəmməl universitet modeli təsadüfi yaranmır. Bu modelin yaranması elmə əsaslanan, uzunmüddətli  araşdırma nəticəsində  formalaşan  inkişaf strategiyası, ardıcıl və sistemli siyasət, güclü akademik liderlik tələb edir. Azərbaycanda  son 30 ildə ali təhsil sahəsindəki islahatlar epizodik və formal xarakter daşıyıb. Struktur dəyişikliklər (kredit sistemi, Bolonya prosesi, informatlaşma, PHŞ statusu və s.) tətbiq olunsa da, bu dəyişikliklər vahid konseptual çərçivə  daxilində  həyata keçirilməyib.  Nəticədə forma dəyişsə də, məzmun dəyişmədi, struktur qurumlar modernləşmədi, sadəcə adları dəyişdi, o cümlədən bütün institutlar bir gündə universitet oldular (necə ki, 1 gündə yeni bir institut və onun 11regionda  filialı yaranmışdı)...

Vaxtilə 3 nazirlik kimi fəaliyyət göstərən ölkənin təhsil sistemi (Maairf Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi(AOİTN), Texniki Peşə Təhsili Komitəsi(TPTK) )  birləşərək TN kimi fəlaiyyətini davam etdirsə də, onun əsas fəaliyyəti Maarif nazirliyi funksiyası oldu. Ali və orta ixtisas məktəbləri kiçik bir şöbə tərəfindən idarə edildi.  Halbuki, sovet dönəmində 17  ali məktəb və  60-70  orta  ixtisas məktəbi ayrıca bir  nazirik  tərəfindən idarə edilirdi. Amma  müstəqillik illərində ali məktəblərin və kolleclərin sayı 3 dəfə artmışdı, kiçik bir şöbə, təbii ki, bu işi, çətin, keyfiyyətlə reallaşdıara bilərdi.  

Digər tərəfdən AOİTN  fəaliyyəti dövründə  ali təhsilə dair bütün tədris-metodik baza  Moskvadakı elmi  mərkəzlərdə hazırlanıb, yollanırdı, müstəqillik dövründə  bütün bunları özümüz yaratmalı idik. Amma, təəssüf ki, biz  ali təhsilə dair normal tədris –metodik baza  yarada bilmədik.  Heç bu gün də normal belə baza yoxdur.  Bu  barədə  ayrıca məqaləmiz dərc edilmişdi (İlham Əhmədov. Universitetlərin tədris-metodik bazası niyə zəifdir?). Son illər  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EAOİT) yaradılsa da, onun fəaliyyəti lazımi səviyyədə qurulmadı…  

Təbii ki, normal tədris-metodik təminatı olmayan ali təhsil sistemi nəinki inkişaf edə bilməzdi, heç öz mövcudluğunu da saxlaya bilməzdi.  Bunun üçün ən azı Təhsil Problemləri İnstitutunu (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu -ARTİ) gücləndirmək lazım idi. Biz isə nəinki onu gücləndirmədik, hətta son 10 ildə onu məhv etdik. Elmi təminatı olmayan təhsil islahatı təbii ki, “Tərsinə qurulmuş təhsil sistemi” olacaqdır (təhsilimizin bu obyektiv diaqnozu   E. Əmrullayevə məxsusdur). 

Nazirliyin yaratdığı  nöqsanlı  idarəetmə modeli  səmərəsiz  idi.  Ali təhsilin keyfiyyəti birbaşa  nazirliyin  təhsili  idarəetmə modelindən asılıdır. Azərbaycan reallığında ali təhsilin  bu günkü əsas problemləri  kimi, bunları qeyd edə bilərik:  müasir universitet quruculuğuna xidmət edən strategiya yoxdur, sistemli kadr siyasəti qurulmayıb, universitetləri transformasiya edə biləcək innovativ  düşüncəli  komandalar yetişdirilməyib.  Bu, klassik “idarəetmə boşluğu”dur… 

Universitetlər özləri-özlərini dəyişə bilməzlər. Çünki maliyyə modeli zəif,  qərarvermə mərkəzləşdirilmiş,  akademik mühit  isə sərbəst deyil. Bu şərtlər daxilində universitetlər inkişaf edə bilməz,  ən yaxşı halda  cari vəziyyətlərini qoriya bilərlər… 

Universitetlərin  problemi   arxaik idarəetmə modelinin saxlanılmasıdır.  Belə ki, universitetlərdəki  mövcud idarəetmə sistemi konservativ, çoxpilləli,  innovasiyaya qapalı, nəticə əsaslı deyil. Heç təhsil sistemi də bütünlükdə nəticə əsaslı deyil. Bu modeldə təşəbbüs təşviq olunmur, risk alma mədəniyyəti yoxdur, akademik liderlik zəifdir. Belə sistemlərdə innovasiya yaranmaz. Çünki innovasiya akademik azadlıq, yüksək resurs təminatı, məsuliyyətli və səriştəli idarəetmə  tələb edir.  Azərbaycan universitetlərində isə bu üç komponentin heç biri sistemli şəkildə, tam olaraq  mövcud deyil.

Ali təhsilin maliyyələşməsi problemi yalnız büdcə azlığı ilə izah edilə bilməz. Problem daha dərindir. Belə ki, maliyyə modeli tələbə sayına (adambaşına maliyyələşmə) əsaslanır, tədqiqat maliyyəsi cüzidir, qrantlar yoxdur,  bu səbəblərdən də universitetlərin alternativ gəlir mənbələri yoxdur. Universitetlərin sərəncamında olan, məhdud maliyyə imkanları da 30 il ərzində elm-tədris-innovasiya istiqamətində yox, əsasən təmir-tikinti istiqamətində israf edildi. İndi tez-tez səslənən  universitetlərin paytaxtdan regionlara köçürülməsi təklifləri reallaşarsa, universitetlərin 30 illik “investisiya siyasəti” dağılacaqdır, onu regiona daşımaq qeyri-mümkündür. 

Mövcud  idarəermə və maliyyə modeli  universitetləri məcbur edir ki,  onlar  keyfiyyət yox, kəmiyyət üzərində fokuslansınlar.  Beləliklə, universitetlər  elmi mərkəz yox, “diplom istehsal edən qurumlara” (diplom sexlərinə)  çevrilir... 

Universitetlərdə illər ərzində heç bir dayanaqlı baza yaratmadan  son illərdə onların  PHŞ modelinə keçidi  islahat deyil, bu sadəcə  “struktur islahatı”  illüziyasıdır. PHŞ  modeli formal olaraq universitetlərə muxtariyyət verməli idi. Lakin reallıqda universitetlərin maliyyə müstəqilliyi məhduddur. Universitetlər daim  maliyyə sıxıntısı yaşadığı halda ETN-nin təkidi ilə nazirliyin yaratdığı TİF Fonduna iri pullar keçirdirlər, qərarvermə sərbəstliyi tam deyil,  məsuliyyət mexanizmləri qeyri-müəyyəndir.  Bu durumda PHŞ real transformasiya aləti deyil, formal struktur dəyişikliyi olur. 

Təhsil sistemində, universitetlərdə  insan kapitalı böhranı  yaşanır.  Təhsil  sistemi  ölkə üçün insan  kapitalı yetişdirməli olduğu halda, heç öz daxili tələbatı üçün də keyfiyyətli  insan  kapitalı yetişdirə bilmədi (MİQ, DQ,  sertifikasiya imtahanları v.s. bunu sübut etdi). Buna əmin olmaq üçün  ETN-nin bu günki  menecerlər korpusuna  baxmaq da kifayətdir.  Bu halda ETN ölkə iqtisadiyyatı,  müasir texnoloji sahələr üçün  necə insan  kapitalı yarada bilərdi?..   

Universitet sisteminin də  ən zəif elementi insan kapitalıdır.  Bunun  səbəbləri  çoxdur.  Hal-hazırda universitetlərdə  akademik maaşlar rəqabətqabiliyyətli deyil,  qrant sistemi yoxdur,  gənc alimlər sistemdə qalmaq istəmir, ölkədən beyin axını davam edir v.s.  Bu  vəziyyət sistemin özünübərpa qabiliyyətini zəiflədir,  sistem həm keyfiyyətli kadr yetişdirə bilmir, həm də mövcud kadrları  itirir...

Azərbaycan iqtisadiyyatı postneft mərhələsinə daxil olur.  Postneft dövrünün riski  narahataedicidir. Ölkə prezidenti də dəfələrlə postneft dövründə bizi gözləyən problemləri xatırladaraq bu mərhələyə xüsusi hazırlığın zəruriliyini qeyd edib. Bunun üçün ilk növbədə elm, təhsil, innovasiya, rəqəmsallaşma sahəsində mövcud  problemləri həll edilməli, keyfiyyətli insan kapitalı yaradılmalıdır.  

Məlum olduğu kimi, postneft  dövründə  əsas resurs neft yox, bilik və innovasiya olacaq. Amma mövcud universitet sistemi bu keçidi dəstəkləmək iqtidarında deyil, iqtisadi transformasiyanın intellektual bazasını təmin etmir.  Bu da ciddi risklər yaradır. Belə olarsa, iqtisadi diversifikasiya ləngiyəcək, texnoloji asılılıq artacaq, ölkənin və vətəndaşlarının qlobal rəqabət qabiliyyəti zəifləyəcəkdir. 

Beləliklə,  son 30 ilin təhlili göstərir ki,  universitetlərimizin  zəifliyinin səbəbkarı universitetlər yox, bu sahədə dövlət siyasətini formalaşdıran və reallaşdıran  dövlət qurumu – ETN, onun strateji idarəetmə, təhsil siyasəti, sistem layihələndirməsində  etdiyi səhvlərdir.  Universitetlər zəif təhsil sisteminin məhsuludur, bu problemlərin səbəbkari deyil. Eyni ilə də təhsil sistemi zəif müəllim korpusunun yaranma səbəbidir, müəllimlər zəif təhsil sisteminin səbəbkarı deyil. Təhsilimizdə səbəb-nəticə əlaqələri də “tərsinə qurulub” . Görünür, bu, ETN-nin maraqlarına uyğundur, “problemlərin səbəbkarı məmurlar, təhsil sistemi yox, fərdlər və cəmiyyətdir” deməklə özlərini təmizə çıxarırlar...

Bəs nə etməli?  Mövcud vəziyyətdə  təbii ki, əvvəllər olduğu kimi, yenə də kosmetik islahatlar kifayət etməyəcək.  Bu gün köklü struktur dəyişikliklərinə, yeni maliyyə modelinə, akademik azadlıqlara, nəticə əsaslı idarəetməyə ehtiyac var.  Ən əsası isə artıq universitetlərə  “tədris müəssisəsi” kimi deyil,  “dövlətin intellektual güc platforması” kimi baxılmalıdır.  Əgər bu yanaşma dəyişməzsə, universitetlər transformasiya olunmayacaq, insan kapitalı yenə zəif qalacaq, postneft dövründə problemlər daha da dərinləşəcəkdir... 

Ali təhsildə real islahatların aparılması, onun kadr, maliyyə və digər resurslarla yüksək səviyyədə təmin edilməsi, proseslərin şəffaflığı, təşəbbüslərin dəyərləndirilməsi, ETN-nin kadr korpusunun gücləndirilməsi - bu gün  strateji  zərurətdir.   Hələ gec deyil, bəlkə də...

Dos. İlham Əhmədov”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
2
moderator.az

3Sources