EN

"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker

Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edərək Azərbaycanın qlobal təşəbbüslərindən danışıb.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Azərbaycan tərəfindən də dəstəklənən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq məsuliyyət əsasında daha inklüziv, təhlükəsiz və dayanıqlı dünya qurmaq üçün əməkdaşlığa, qarşılıqlı hörmətə və ortaq məsuliyyətə əsaslanan hərtərəfli çərçivə təqdim edir.

Sahibə Qafarova deyib ki, ortaq baxışlar iki ölkəni bir-birinə yaxınlaşdırır:

"Gələn il - Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda, bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin Çinə səfərləri, strateji və hərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyannamələrin imzalanması ölkələrimiz arasında siyasi dialoqun dərinliyini, qarşılıqlı etimadı və genişlənən əməkdaşlığı açıq şəkildə nümayiş etdirir".

Həmçinin, diqqətə çatdırılıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan Qlobal Şimal və Cənub arasında fikir ayrılıqlarını aradan qaldırmaq və qlobal iqlim gündəliyi üzrə əsas nəticələrin əldə olunmasına töhfə vermək üçün fəal çalışıb.

Spiker Azərbaycanın, həmçinin Qlobal Bakı Forumu kimi platformalar vasitəsilə sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi kimi məsələlər üzərində fəal işləməyə davam etdiyini də vurğulayıb.

Milli Məclisin sədri, həmçinin yaxın aylarda Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən 2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkənin beynəlxalq əməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, son qlobal proseslər bir daha göstərdi ki, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya strateji baxımdan nə qədər vacibdir. Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan geniş bir regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, eyni zamanda yaşıl enerji sahəsinə davam edən investisiyalar bu töhfəni daha da gücləndirəcək.

Çıxışda, həmçinin Azərbaycanın Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün ilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə Xəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğunu sübut edib. Bundan əlavə, Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır.

Chosen
76
1
adalet.az

2Sources