İran hakimiyyəti ABŞ-nin münaqişəyə son qoymaqla bağlı təklifini qəbul etməyərək, müharibənin yalnız Tehranın müəyyən etdiyi şərtlər əsasında başa çata biləcəyini bəyan edib.
BAKU.WS-in məlumatına görə, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV kanalına müsahibəsində açıqlama verib.
Rəsmi şəxs bildirib ki, Tehran müharibənin bitmə vaxtını Donald Trump administrasiyasının diktə etməsinə imkan verməyəcək: "İran müharibəni yalnız zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman dayandıracaq".
Onun sözlərinə görə, ABŞ müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, İran əvvəlki təcrübəyə əsaslanaraq Vaşinqtona etibar etmir. Bildirilib ki, 2025-ci ildə keçirilən danışıqlardan sonra ABŞ-ın hərbi müdaxiləyə əl atması Tehranın mövqeyini sərtləşdirib.
Mənbə qeyd edib ki, İran vasitəçilər tərəfindən təqdim edilən son təklifi gərginliyi artırmaq cəhdi kimi qiymətləndirərək rədd edib.
Eyni zamanda, rəsmi şəxs Tehranın atəşkəs üçün irəli sürdüyü əsas şərtləri açıqlayıb. Bu şərtlərə ABŞ və İsrail tərəfindən hərbi əməliyyatların tam dayandırılması, İrana qarşı gələcək hücumların qarşısını alan mexanizmlərin yaradılması, müharibə zərərlərinə görə kompensasiyanın ödənilməsi, regionda bütün cəbhələr üzrə döyüşlərin dayandırılması və İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının beynəlxalq səviyyədə tanınması daxildir.
Qeyd olunub ki, bu şərtlər qəbul edilməyənədək heç bir danışıq aparılmayacaq və İran hərbi əməliyyatları davam etdirəcək.
Xatırladaq ki, ABŞ tərəfi İrana 15 maddədən ibarət plan təqdim edib. Sənədə əsasən, Tehran nüvə proqramını məhdudlaşdırmalı, uranın zənginləşdirilməsini dayandırmalı və obyektlərini beynəlxalq nəzarətə açmalıdır. Bundan əlavə, bəzi regional qruplara dəstəyin dayandırılması və raket proqramının məhdudlaşdırılması da planın tərkib hissəsidir.
Bunun qarşılığında isə İrana sanksiyaların ləğvi və mülki nüvə proqramına dəstək kimi güzəştlərin təklif olunduğu bildirilir.