EN

Rusiya və İran çökür. Türkiyə və Azərbaycan isə... Elbəyi Həsənli YAZIR

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Nəsə yazıram. Bir qulağım Türkiyə televiziyasındadır. Aparıcı deyir ki, İranda on milyonlarla türk yaşadığı torpaqlarımıza göz dikənlər var. İmkan verə bilmərik ki, bizim torpağımızda bizim xalqımız yabançıların basqısı altına düşsün...

Güney Azərbaycanın taleyinə təsir edə biləcək yad güclərə bağlı PKK ideologiyasına söykənən kürd faktoru Türkiyədə də müzakirə mövzusudur. Eşitdiklərimdən dolayı düşünürəm. Düşünürəm ki, Türkiyədəki bir türkün Güney Azərbaycana “bizim” deməsi, o torpaqları özününkü bilməsi, o insanları doğma sayması son dərəcə önəmli məsələdir. Yəni biz haradan hara gəldiyimizin fərqində belə deyilik. Biz artıq öz düşüncələrimizdə mövcud sərhədləri rədd edirik. Könül coğrafiyamızın sərhədləri isə o qədər genişdir ki...

Uzun illər Türk Dünyası ideyası daha çox emosional və romantik çərçivədə müzakirə olunurdu. Bəzən bu fikir utopiya kimi təqdim edilirdi. Lakin vəziyyət sürətlə dəyişir. Artıq bu ideya hissdən çıxaraq geosiyasi məzmun qazanır. Türkiyədə və Azərbaycanda formalaşan ictimai rəy göstərir ki, bu, sadəcə tarixi yaddaşın təzahürü deyil, həm də strateji şüurun formalaşmasıdır.

Əlbəttə, hər iki cəmiyyətdə qarşılıqlı narazılıqlar və fərqli mövqelər mövcuddur. Türkiyədə Azərbaycana yuxarıdan aşağı baxanlar da var, eyni şəkildə Türkiyəyə qarşı çıxan azərbaycanlılar da mövcuddur. Etnik və dini amillərin təsiri ilə formalaşan bu yanaşmaları inkar etmək olmaz. Lakin əsas məsələ bu deyil. Əsas məsələ ondan ibarətdir ki, ümumi mənzərə dəyişib. Bu gün Türkiyədə geniş bir kəsim Azərbaycanı özünün bir parçası kimi qəbul edir. Bu, siyasi ritorikadan daha dərin bir bağlılıqdır və bu bağlılığın kökü ortaq tarixdə, ortaq kimlikdədir.

Bunun əksi isə anormal olardı. Çünki bir türk digərinə ya üstün, ya da əskik kimi baxdıqda, bu artıq türk kimliyinin özünə zidd bir yanaşmadır. Azərbaycan heç kimin müstəmləkəsi və ya kiçik qardaşı deyil. Bu cür yanaşmalar yalnız siyasi baxımdan deyil, düşüncə baxımından da çoxdan iflasa uğrayıb.

Bu gün artıq emosional birlik mərhələsindən strateji inteqrasiya mərhələsinə keçid baş verir. Bu keçid isə təkcə daxili dinamikalarla deyil, həm də xarici faktorlarla sürətlənir.

Regionda baş verən hadisələr göstərir ki, İran və Rusiyanın Qərblə qarşıdurması yeni geosiyasi vəziyyət yaradıb. Hadisələr elə inkişaf edir ki, sanki bu qarşıdurma istər-istəməz Türk Dünyasının inteqrasiyasına əlavə təkan verir. ABŞ və İsrailin İran ətrafında atdığı addımlar regionda güc balansını dəyişdirən hadisələrdir. Rusiya-Ukrayna müharibəsi də vəziyyəti ciddi şəkildə yenidən şəkilləndirib. Bu proseslərə emosional yanaşmaq yox, soyuq geopolitik analizlə baxmaq lazımdır. Bu zaman ortaya çıxan nəticə aydındır. Baş verənlər ən çox Türkiyə və Azərbaycanın strateji mövqelərini gücləndirir. Yəni Qərblə Rusiya və İranın apardığı savaş Türk Dünyasına fürsət pəncərəsi açıb. 

İranın xarici siyasətində Ankara və Bakı ilə münasibətlər heç vaxt etimad üzərində qurulmayıb. Tehran balans siyasəti apardığını iddia etsə də, faktiki olaraq Türkiyə və Azərbaycanın güclənməsinə qarşı çıxıb. Bunun səbəbi daha dərindir. Türk Dünyasının inteqrasiyası İran üçün sadəcə xarici siyasət məsələsi deyil. Bu, eyni zamanda daxili sabitlik məsələsidir. Çünki bu inteqrasiya Güney Azərbaycanda milli kimliyin və siyasi şüurun güclənməsi deməkdir. Bu isə Tehran üçün potensial risk kimi qəbul olunur.

Məhz bu səbəbdən İran Qarabağ müharibəsi dövründə nəinki Azərbaycanın yanında olmadı, hətta neytral mövqe tutmadı da. Əksinə, Ermənistanın mövqeyinə yaxın xətt seçdi. Eyni məntiq Zəngəzur dəhlizi məsələsində də özünü göstərdi. Çünki bu dəhliz yalnız nəqliyyat xətti deyil. Bu, Türkiyə ilə Azərbaycanın fiziki və strateji birləşməsi deməkdir.

Regionda Türk Dünyasının inteqrasiyasına sistemli şəkildə mane olan iki əsas güc var və bunlar Rusiya ilə İrandır. Bu ölkələr fərqli ideoloji platformalarda dayansalar da, onların regional davranış modelində ortaq xətt mövcuddur. Bu xətt Türk inteqrasiyasının qarşısını almağa yönəlib. Bu, təsadüfi və epizodik deyil. Bu, uzunmüddətli və strukturlaşdırılmış yanaşmadır.

Rusiya üçün bu yanaşma post-sovet məkanında nəzarətin saxlanılması deməkdir. İran üçün isə bu, daxili sabitliyin qorunması məsələsidir. Hər iki dövlət müxtəlif alətlərdən istifadə edir. Siyasi təsir mexanizmləri, iqtisadi asılılıq, nəqliyyat layihələrinə qarşı müqavimət və informasiya mühiti üzərindən təsir bu strategiyanın əsas elementləridir. Bu, klassik hərbi qarşıdurmadan daha mürəkkəb bir modeldir. Bu, sistemli məhdudlaşdırma siyasətidir.

Lakin bu model bu gün ciddi şəkildə zəifləyir. Rusiya uzunmüddətli müharibə yükü altındadır. İran isə həm xarici təzyiq, həm də daxili gərginliklə üz-üzədir. Bu, onların regional təsir imkanlarını məhdudlaşdırır və diqqətlərini başqa istiqamətlərə yönəldir. Nəticədə regionda yeni bir boşluq yaranır.

Geosiyasətdə boşluq uzun müddət boş qalmır. Bu boşluq yeni imkanlar yaradır və bu imkanlardan istifadə edə bilənlər oyunun qaydalarını dəyişir.

Bu fikri biz əvvəllər də vurğulamışıq. Türklər parçalananda Rusiya böyüyür, türklər birləşəndə isə Rusiya kiçilir. Bu, sadəcə siyasi ifadə deyil, tarixi təcrübənin nəticəsidir. Qədim yunan siyasi düşüncəsində deyilən bir fikir bunu daha aydın izah edir. Zəiflər hörümçək toruna düşəndə məhv olurlar, güclülər isə o toru yarıb keçirlər.

Bu gün məsələ məhz bundan ibarətdir. Zəif qalmaq və mövcud sistemin içində sıxılmaq, yoxsa güclənərək sistemi dəyişmək.

Əgər Türkiyə və Azərbaycan bu keçid dövrünü düzgün idarə edə bilsələr, yaxın illərdə onların hərbi, iqtisadi və texnoloji gücü daha da artacaq. Xüsusilə müdafiə sənayesində sürətlə inkişaf edən Türkiyə artıq regionun əsas güc mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycan isə enerji və nəqliyyat imkanları ilə strateji mövqeyini möhkəmləndirir.

Bu proses davam edərsə, müəyyən bir mərhələdən sonra bu ölkələrə qarşı açıq təcavüz riski əhəmiyyətli dərəcədə azalacaq. Çünki geopolitikada qayda sadədir. Zəiflər hədəf olur, güclülərlə isə hesablaşırlar.

Bu gün əsas məsələ bu keçid mərhələsinin necə idarə olunacağıdır. Türk Dünyasında birlik çağırışları artıq yalnız siyasi liderlər səviyyəsində deyil, xalq səviyyəsində də güclənir. Mədəniyyət, incəsənət, elm, idman və folklor sahələrində inteqrasiya açıq şəkildə görünür. Bu artıq ideya deyil. Bu, formalaşan reallıqdır.

Tarix nadir hallarda bu qədər açıq imkan təqdim edir. Bu imkandan istifadə etmək isə artıq seçim deyil, zərurətdir.

Hədəf dəyişməyib. Bir oluruqsa, iri oluruq, diri oluruq. Heç bir halda kiçilməyək. Böyük olmaqda fayda var...

Elbəyi Həsənli, Sürix 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
3
moderator.az

4Sources