EN

Çində Azərbaycan-Çin parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Azərbaycan parlamentinin spikerini səmimiyyətlə salamlayan Cao Lıci səfərə və Asiya naminə Boao Forumunda iştirakına görə Sahibə Qafarovaya təşəkkür edib. O, qeyd edib ki, Milli Məclis sədrinin bu Forumda iştirak məqsədilə Çinə səfəri Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin və Foruma dəstəyinin göstəricisidir.

Ölkələrimiz arasında dərin tarixi köklərə əsaslanaraq, möhkəm təməl üzərində qurulan və xalqlarımızın fundamental maraqlarına cavab verən dostluq əlaqələrinin inkişafından məmnunluğunu bildirən Daimi Komitənin sədri Cao Lıci Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından keçən 34 ildə münasibətlərimizin qarşılıqlı hörmət və dəstəklə müşayiət olunduğunu diqqətə çatdırıb.

Cao Lıci qeyd edib ki, son illərdə iki ölkə başçısının müdrik rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib və Ümumçin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələrimiz arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə və Azərbaycanın ünvanına söylədiyi xoş sözlərə görə təşəkkür edərək, Cao Lıci ilə bundan öncə müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb. Bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Çinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlərimiz arasında münasibətlərin daha da genişlənməsinə və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək.

Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını söyləyən Milli Məclis sədrinin sözlərinə görə, ölkələrimiz arasında münasibətlər həmişə dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan - Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin liderləri arasında mövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimad tərəfdaşlığın inkişafında mühüm rol oynayır. O, Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfərlərini, həmçinin ötən ilin aprel ayında baş tutan dövlət səfəri zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını xatırladıb.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində də qarşılıqlı dəstək ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan "Vahid Çin" siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

Cao Lıci Azərbaycanın "Vahid Çin" siyasətinə, Çinin Tayvan, Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinə dəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksək qiymətləndirdiklərini bildirib. O, həmçinin Çin vətəndaşlarının İrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Çin tərəfi bunu yüksək qiymətləndirir. Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan Avrasiyada mühüm nəqliyyat qovşağıdır. Orta Dəhliz Çin ilə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən etibarlı, təhlükəsiz və səmərəli marşruta çevrilib.

Eyni zamanda, ölkələrimizin ticarət, nəqliyyat, kommunikasiya məsələlərində birgə işləməsindən, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artmasından məmnunluq ifadə edilib. Cao Lıci bildirib ki, Çin rəqəmsal inkişaf, süni intellekt, yaşıl enerji kimi sahələr üzrə də əlaqələrin inkişafında maraqlıdır. Vizaların qarşılıqlı ləğvi, ilk ölkə arasında birbaşa uçuşların yaratdığı imkanlardan istifadə əlaqələri daha da inkişaf etdirəcək.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Çin qlobal cənubun üzvləridirlər. Cao Lıci Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolun getdikcə daha da gücləndiyini və Çinin beynəlxalq səviyyədə Azərbaycana dəstəyini və Azərbaycanla əlaqələndirməni daha da artırmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Çin, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü və ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyini də dəstəkləyir.

Görüşdə daha sonra humanitar və mədəni əməkdaşlıq məsələlərinə də diqqət yetirilib və qeyd olunub ki, bu sahədə əlaqələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Milli Məclisin sədri ölkələrimiz arasında mədəni sahədə uğurlu layihələr həyata keçirildiyini bildirib, xüsusilə Heydər Əliyev Fondu ilə Çin Xalqının Xarici Ölkələrlə Dostluq Assosiasiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Söhbət zamanı tərəflər parlamentlərarası əməkdaşlığa da diqqət yetirərək, qeyd ediblər ki, bu sahədə əlaqələr ölkələrimiz arasında münasibətlərin dərinləşməsində mühüm yer tutur. Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri ilə keçirdiyi görüşləri də bu əlaqələrə verilən əhəmiyyətin göstəricisi kimi dəyərləndirib.

Vurğulanıb ki, parlamentlərimiz arasında fəal və səmərəli əməkdaşlıq mövcuddur. Spikerlər və parlament nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlər mütəmadi həyata keçirilir və deputatlarımız parlamentlərimizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak edirlər. Deputatlar, həmçinin parlamentlərarası təşkilatlar çərçivəsində mütəmadi əlaqə saxlayır və bir-birimizə qarşılıqlı dəstək göstərilir və fikir mübadiləsi aparılır.

Söhbət zamanı gələcəkdə də bu əlaqələrin daha da genişləndirilməsinin və təmasların artırılmasının əhəmiyyətinə dair ortaq fikirlər səsləndirilib, qanunvericilik orqanlarının komitələri arasında, o cümlədən institusional əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Cao Lıci, həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü sessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda, Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verib. O, Çinin bu nailiyyətləri dost ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.

Chosen
6
18
day.az

10Sources