EN

Dövlət bəy, niyə Qərb yox, Çin və Rusiya?..

Dövlət Baxçalı indiki Milliyyətçi Hərəkat Partiyasını yarımhərbi qurumdan siyasi partiyaya çevirdi, Alparslan Türkeşdən qalan siyasi taktikada xeyli dəyişiklik etdi, amma onun əsas strategiyasını məncə, saxladı- söhbət gənc türk dövlətlərinə xüsusi diqqətdən gedir.

İnsafən, çox maraqlı şəxsdir. Bir dəfə oxumuşdum ki, özünü siyasətə həsr etdiyinə görə ailə həyatı da qurmayıb, tənha, az qala, dərvişanə həyat sürür, hərçənd, nə zahiri görünüşdən belə adama oxşayır, nə də indiyədək hansısa dini çalarla xüsusi diqqətə gəlməyib, daha çox dünyəvi, hətta müasir Avropa tipli siyasətçi təsiri bağışlayır.

Adam bu məqamda ona görə diqqətə gəldi ki, bir-iki gün əvvəl onun yaxın admlarından birini Moskvaya göndərdiyi, ona Türkiyənin Rusiya və Çinlə daha sıx yaxınlaşma imkanlarını araşdırmağı tapşırdığı yazıldı. Baxçalının da elçisinin bioqrafiyasından detal dərhal diqqətimizi cəlb etdi: adam ruhani təhsilli, illahiyyatçı olubdur. Bunu ona görə xüsusi vurğulayıram ki, son illərdə siyasətdə illahiyyatçılar, bu və ya digər dərəcədə dinlə bağlı adamlar çox görünməyə başlayıb və bu, bizi başqa mənada yox sıravi insan, hətta bir siyasi təhlilçi kimi çox narahat edir, hərçənd, nə keçmişdə, nə də indi, heç bir vaxt ateist düşüncəli adam olmamışıq. Üstəlik, çoxunda belə təsəvvür ki, guya siyasətçinin dindar olması yaxşı haldır...

Amma belə deməzdim. Şimal tərəfimizdəki Rusiyanın prezidenti Putin guya keçmiş sovet məkanında ən dindar prezident sayılır, amma görün Ukraynada nələr edir...

Cənubumuzdakı İranda mollaların nələr etdiyini xatırlatmağa ehtiyac yox, hazırda törətdikləri bəs edir.
Yəhudilər arasında mənim tandıdığım əsl ateist yalnız Marks olub, amma onun da hətta sinfi nəzəriyyəsində mistik yəhudi messianlığının əlamətlərini görən çoxdur.

Belədə onlar da çox patriarxal, hətta dindar cəmiyyətdir, region dövlətləri arasında, xüsusən ərəb rejimlərilə müqayisədə çox demokratik sayılsa da, onu da hamı dini ölkə hesab edir. Amma Netanyahu (babası ravvin olubdu) Qəzzada nələr etdi... Biz demirik bunu, Beynəlxalq Məhkəmə təsdiq edir!..
O ki qaldı Qərbin siyasətçilərinə, əsasən də amerikalılara, biri yuxusunda İsa Peyğəmbərlə danışır (kiçik Buş), digəri (Tramp) yəhudi mistikasını - Kabbalanı öyrənir. Amma biri İraqın altını üstünə ona görə çevirib xaraba qoydu ki, guya Səddam atasını təhqir edibmiş.

İndiki də bir yandan sülh adı ilə “şabaş” yığır, digər tərəfdən Müdafiə Nazirliyinin adını dəyişib Müharibə Nazirliyi qoyur, az qala, dünyanın boyu xəritəsi boyu hər yerdə müharibə aparır və yaxud buna hazırlaşır, heç yerdə də taraz şey edə bilmir: buradan ora hoppanır, oradan da bura! Adamın hər saat ağlına bir yeni qərar gəlir...
Bizə Tramp bir-iki il lazımdır ki, görək, Zəngəzur məsələsini həll edə, çevrəmizdə-Cənubi Qafqazda sahman yarada bilirikmi? Ermənistandakı iyun seçkiiləri bu prosesə təkan da verə bilər, onu bir neçə il geri ata da. Görək, nə olur...
Bircə təsəlli var ki, bir-iki ilə rədd olub gedəcək. ABŞ Tramp demək deyil- hansını ki, qeyriləri – Putin, nə bilim, yoldaş Si, hətta hələ molla Müctəba haqqında da qəti əminliklə demək olmur.

Bizə, söhbətimizin qəhrəmanı qardaş Türkiyənin siyasətçilərinə gəldikdə, burada da xüsusi təqdimata ehtiyac yox, yaxın keçmişdəki Nəcməddin Ərbakandan, Güləndən tutmuş, lap Ərdoğanın özünədək çox tendensiyalar vardı ki, sekulyar dünyagörüşlü insanları ciddi narahat edirdi. Hətta bir dəfə yazmışdıq ki, deyəsən, hakim AKP-nin fikri Türkiyəni də mollaxanaya çevirməkdir.
Amma iki ciddi detal oldu ki, hamımızın prezident Ərdoğana münasibətini xeyli dəyişdi. Əlbəttə, bunun ən birincisi, bizə Qarabağ məsələsində göstərdiyi dəstək idi.Digər məqam, onun Türkiyəyə də teokratik quruluşun “sırınmasının” qarşısını alması oldu. Bu, siyasi dünyagörüşlərindəki ciddi fərq idi, yoxsa Fətullah Gülən Ərdoğanın ən cddi rəqiblərindən idi - sözsüz, gələcəkdə bunu türkiyəli tarixçi qardaşlarımız daha ciddi araşdıracaq və ömür vəfa etsə, biz də oxuyacağıq.

Əlbəttə, bu adamı standart dinçi türk siyasətçlərindən əzəldən fərqləndirən bir detal vardı: lap əvvəldən Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirməyə cəhd edirdi. Hətta ölkəsinin İsveçin və Finlandiyanın NATO-ya qəbul olunmasına razılığı tələb olunduğu zaman qarşılığında Türkiyənin də Aİ-yə qəbulunu sürətləndirməyi ciddi tələb kimi qoymağa çalışdı. Eləcə Nəcməddin Ərbakan kimi “Üzümüzü İndoneziyaya – filana tutmalıyıq!” demədi...

Ərdoğanın siyasi bioqrafiyasında yadda qalan detallardan biri də onun türk millətçilərilə, Bağçalı ilə yaxınlaşması oldu, hərçənd, buna çox da önəm verməyən, hətta daha çox Suriya məsələsini vurğulayan və hətta onun ərəblərə qarşı heç də həmişə anlaşılmayan rəğbətini qeyd edən var. Amma “Suriya məsələsi” həm “kürd məsələsi”, həm Ankaranın regional təsir dairəsinin geniişlənməsi, həm də Türkiyə üçün əsas su ehtiyatlarını nəzarətdə saxlamaq deməkdir. Sonuncu sizə qəti qəribə gəlməsin, indi su məsələsi az qala, enerji məsələsi kimi bəşəri problemə çevrilir...

Olsun, bizi burada daha çox Türkiyənin iç özəllikləri cəlb edir. Bağçalının addımını təqdir etməyənlər az deyil, amma məncə, Dövlət bəy düz etdi: çox güclü siyasi fiqur olan Ərdoğanı az da olsa, ortodoksal dinçilərdən uzaqlaşdırdı.
O ki qaldı Dövlət bəyin də öz adamını Moskvaya göndərməsinə, hələ anlamamışıq, bunu özü üçün edir (əgər edibsə!), yoxsa prezident Ərdoğan üçün? Ona görə ki, Ərdoğanla Putin arasında o qədər anlaşma və hətta yaxınlıq var ki, burada başqasının vasitəçiliyinə ehtiyac yox...
Həm də bizi daim bir məsələ düşündürür. Millətçi nəinki liberal-sağçı (məsələn, general Pinoçet, hətta neçə keçmiş Türkiyə siyasətçisi kimi!), hətta solçu (məsələn, Çin kommunistləri, Mao Tzedun, Den Syaopin və b.) ola da bilər, onlar Qərbə də, Şərqə də bağlı ola bilərlər.
Amma müsəlman millətçilərini nədənsə Qərb daha çox ehtiyatlandırır. Dəfələrlə yazmışıq ki, daha iqtisadi-texnoloji inkişaf tək Qərbdə cəmləşməyib, Yaponiya, Çin, Cənubi Koreya və hətta son illərdə start götürən uzaq cənub-şərq ölkələri də var. Amma hələ dünya siyasətinin vektoru tamam Şərqə yönəlməyibdir, Qərbdə, ABŞ-da da xeyli cəlbedici məqamlar qalır. Rusiya da çox iddialıdır ki, keçmiş hərbi-geosiyasi təsirini - infrastrukturunu bərpa etsin. Çinin də bunun üçün xeyli resursları var–demoqrafiyadan tutmuş iqtisadiyyata qədər. Amma bunlar hələ “layihə”dir. Düzdür, deyirlər ki, guya İranın nəinki araxasında duran, hətta onu təhrik edən də Çindir.

İstisna etmirik. Ən azı ona görə ki, bilinmir, savaş nüvə və ya İran mollakratiyasına (Trampı hər şeydən az bu, əndişələndirir, adam ərəb şeyxləri kimi məmnuniyyətlə İran ayətullarıyla da oturub-durardı, amma gündə ağlına bir şey gəlir, indi İranı hətta bölməyə belə hazır olduğunu yazanlar var) qarşıdır, yoxsa Panama kanalı (orada da Çin vardı) uğrunda savaşın davamı, yəni daha çox Hörmüz uğrunda vuruşmadır, çünki Tramp bu günlərdə dedi ki, Hörmüzə ayətullahlarla birgə nəzarət edəcək...
Çin də “qədim tülkü”lərdəndir, amma hələ daha çox “layihə”dir, hər halda, Kreml çox cəhd etsə də, nə Şanxay Təşkilatından, nə də BRİKC-dən bir şey alınmayıbdır. Biliriniz, bu ölkələrə daha çox meyl edənlər həm də demokratiyayla bağlı tərəddüd edənlər, özləri üçün “üçüncü yol” axtaranlardır. Haşiyə çıxmaq olsa da, Avropada bir dostumuz var, özü də qədim türk - hun Orban! Vallah, anlaya bilmirəm ki, adamın Ukrayna ilə bu qədər müşkül problemi nədir, gəl, sifətindən demokratdan başqa kimə desən, oxşayır...
1993-cü ildən sonra xeyli Türkiyədə yaşamış cəbhəçi(AXCP) deyirdi ki, vallah, özümüzünkülərin qədrini bilmirik, amma cəbhəçilərin çoxunun təhsili və dünyagörüşü MHP-çilərdən çoxdur! Dəqiq deyə bilmərəm ki, belədir, ya yox, gəl, özüm də bir türkiyəli diplomatın da dilindən eşitmişdim ki, sizin cəmiyyətiniz, insanlarınız çox zəki...
Amma məsələ bunda da deyil. Bütün hallarda, əlbəttə, prezident Ərdoğanın da, hətta Böyük Millət Məclsində 50 deputatla təmsil olunan Dövlət bəyin də bizim məsləhətimizə ehtiyacı yox, amma onlar bir detalı axır vaxtlar unudur: siyasətdə fayda götürmək istəyirsənsə, özün də kiminçünsə faydalı olmalısan, kiməsə fayda verməlisən! Niyə Qərbin, əsasən ABŞ-ın Türkiyəyə əvvəllər münasibəti xeyli fərqli idi? Əlbəttə, onda “soyuq müharibə” deyilən məsələ vardı. Amma həm də ona görə beləydi ki, Ankara onlar üçün həm də faydalı tərəf idi.
Çoxdandır Türkiyə ABŞ-a ən azı region məsələlərində fayda vermir, əksinə bəzən mane olur. Elə bilisriniz, ABŞ İsrailin və ya yəhudilərin, necə deyər, “qara göz”ünə aşiq olubdur?
Müsəlmanlar daim dünyadakı ayrı-seçkilikdən şikayət edir. Elə bilirsiniz, yəhudilər bizdən yaxşı, farağat gündədirlər? Onları da çoxu sevmir, min illərdir oradan bura, buradan ora qovurlar! Amma yəhudilər başa düşür ki, həm güc, həm də kiminçünsə faydalı olmalıdırlar.

Yazılana görə, həmin bu ABŞ ötən əsrdə, İsrailin yarandığı lap ilk illərdə ərəblərə çox dəstək verirmiş, gəl, yəhudilər bunu dəyişə bildi: amerikalılar anladı ki, regionda İsrailə “stavka” etmək daha məqsədəuyğun olar! Həm də məcbur oldular, çünki amerikalılar ABŞ-ın özünü də, yarıciddi-yarızarafat, “yəhudi dövləti” adlandırır: yenə şükür, çünki ABŞ “erməni-yunan dövləti” də ola bilərdi...
Bəzən bilirsiniz, nəyi düşünürəm? Görən, bizim məişətimizdəki, hətta folklorumuzdakı “siyasət” niyə böyük siyasətimizdə yoxdu, məgər daim özümüz də demirikmi ki, “əl əli yuyar, əl də çevrilib üzü...”

Chosen
39
musavat.com

1Sources