Dindar birinin “ChatGPT”yə dini sual verməyin haram olması barədə açıqlaması ictimaiyyətdə müzakirə yaradıb. Bildirilir ki, “ChatGPT”yə dini sual vermək insanı Cəhənnəmə apara bilər, çünki o, doğru və yanlışı ayırd edə bilmir.
Bizim.Media xəbər verir ki, bu barədə Pravda.az-la fikirlərini bölüşən ilahiyyatçı Ağa Hacıbəyli isə deyib ki, bu, böyük bir iddiadır, həm məntiqi baxımdan yanlışdır, həm də elmi yanaşma deyil.
Onun sözlərinə görə, “ChatGPT”yə dini sual verməyin haram olması barədə fikir kifayət qədər şişirdilmiş, ifrata varılmış, əsli-fəsli bəlli olmayan bir yanaşmadır:
“Bu cür fətva İslam aliminə, din insanına, normal düşüncəli insana yaraşmaz. “Qurani-Kərim”in “Nəhl” surəsinin 43-cü ayəsində buyurulur ki, bilmədiyinizi zikr əhlindən, yəni bilənlərdən soruşun. İstər internetdə, istər “ChatGPT”də, istər digər qaynaqlarda olduqca fərqli informasiyalar, məlumatlar araşdırır, öyrənirik. Yeni proqramlar çıxır, insana daha tez informasiya çatır. Müasir dövrdə süni zəka günün ən populyar və təsirli elm, informasiya daşıyıcılarından biridir.
O səhv edə bilərmi? Təbii ki, edə bilər.
“ChatGPT” bir alətdir, insan beyninin məhsuldur. Bütün sadaladığımız mənbələrin hamısında səhv ola bilər, ehtimal çoxdur. Məsələ budur ki, biz din adamı olaraq doğru yanaşmalıyıq. Yanaşmamızda əsas hədəf və qayə öyrənmək olmalıdır.
Dini qaynaqlarımızdan doğruları əldə etməyi öyrənməyə çalışmalıyıq. “ChatGPT” və ya süni zəkadan alınan informasiya yanlış da ola bilər, doğru da. Əsas odur ki, biz informasiyaya çatırıq. Burada bizim analizlərimiz, müzakirələrimiz, yanaşma tərzimiz çox önəmlidir.
Din xadimi, əlbəttə ki, aldığı informasiyanı, fiqhi məsələləri, ayələri, hədisləri “Quran” süzgəcindən keçirməli, araşdırmalı, dəqiqləşdirməlidir. Bundan sonra çox ehtiyatla fətva verməlidir. Dinimiz bizə öyrənməyi, araşdırmağı, təfəkkür etməyi öyrədir. Ola bilsin, əlimizdə bir bıçaq var. Bu bıçaqla biz zərər də vura bilərik, xeyir iş də görə bilərik.
Bıçaq özü-özlüyündə haram ola bilməz ki...
Əlimizdəki kibritlə yemək də bişirə bilərik, kiminsə evini yandıra da bilərik. Kibrit də ayrılıqda haram deyil. Baxır ondan necə istifadə edirsən.
Eyni zamanda, dediyim kimi, süni zəka, “Chat GPT” müasir dünyanın ən sürətli informasiya mərkəzlərindən qaynaqlarından biridir. Bundan doğru istifadə etmək lazımdır. Aldığımız məlumatları doğur analiz etməliyik”.
Bizim.Media