EN

Utilizasiya edənlər qorxunc xəstəliklərə yoluxa bilərlər

Yazını böyüt
Yazını kiçilt

"Təəssüf ki, tibb müəssisələri xərcləri azaltmaq üçün tibbi tullantıları məişət tullantıları konteynerlərinə atırlar".

Hafta.az xəbər verir ki, bu fikirləri "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün təşkil edilən mediaturda deyib. O bildirib ki, tibb məntəqələri, xəstəxanalar və klinikalar B və C kateqoriyalarına aid qalıqları məişət tullantıları konteynerlərinə atırlar.

O.Cabbarovun sözlərinə görə, ölkədə ixtisaslaşmış zərərsizləşdirmə məntəqələri olduqca məhduddur:

"Lakin "Təmiz Şəhər" ASC-də təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib".

Sözügedən açıqlama tibbi tullantıların necə zərərsizləşdirilməsinə dair məsələni yenidən aktuallaşdırır.

Mövzu ilə bağlı oxu.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, tibbi tullantıların utilizasiyası məsələsi rəhbərlik etdiyi qurumun diqqətindədir.

O vurğulayıb ki, bununla bağlı daim işlər aparılır:

Küçələrimizdəki

"Əvvəlcə onu qeyd edək ki, məişət tullantıları ilə tibbi qalıqları bir yerə atmaq olmaz. Bunlar ciddi xəstəlik mənbəyidir. Onları basdırmaq da təhlükəlidir. Ciddi şəkildə, təhlükəsizlik tədbirlərinə əməl edilməklə utilizasiya olunmalıdır. Baxın, burada bərk, plastik, parça materiallar olur. Bundan başqa, iddialar və insanlarda şübhələr var ki, piy tullantıları qida üçün istifadə edilir. Tibb müəssisələri elə iş aparmalıdırlar ki, utilizasiya prosesi son dərəcədə şəffaf olsun. Təklif etmək olar ki, bu istiqamətdə ayrıca MMC yaradılsın və respublika ərazisindəki tibbi tullantıları toplayıb "Təmiz Şəhər" ASC-nin utilizasiya mərkəzinə aparsın".

E.Hüseynov qeyd edib ki, bu məsələdə həkimlər sərt şəkildə qınanmalıdırlar:

"Utilizasiya prosesinə qeyri-ciddi yanaşmaq olmaz. Olduqca ciddi xəstəliklər yayıla bilər. AİB bundan sonra da monitorinqlər aparacaq, tibbi tullantıları ümumi tullantılarla qarışdıran müəssisələri ifşa edəcək. Buna hazırlaşırıq. Tibb sahəsində çalışan alimləri, həkimləri qınamalıyıq. Çünki bu hadisə onların gözünün qarşısında baş verir. Səslərini də çıxarmırlar. Mənasız dərman reklamlarında iştirak edib, doya-doya danışırlar. Nə üçün göz yumurlar? Xəstəxana rəhbərlikləri də buna diqqət etməlidirlər".

Tibb elmləri doktoru, dosent Adil Qeybulla isə açıqlamasında bildirib ki, qaydaları pozan müəssisələr sərt şəkildə cəzalandırılmalıdır:

Küçələrimizdəki

"Bəzi insanlarda yoluxucu xəstəliklər olur. Həmin şəxslər üçün istifadə olunan tibbi tullantılardan başqalarına xəstəlik keçə bilər. Tullantılar xüsusi qaydada utilizasiya edilməlidir. Deşici, batıcı şpris və iynələr xüsusi qablara yığılmalıdır, hansı ki, onların qapaqları olmur. O qablar xüsusi qaydada utilizasiya olunur. Tibb müəssisələri qaydalara əməl etmədikdə ciddi şəkildə cəzalandırılmalıdır. Tullantıları daşıyan fəhlələr, utilizasiya edən şəxslər kiçik səhv nəticəsində xəstəliklərə yoluxa bilərlər. Hər kəs birinci özünü, sonra isə başqalarını qorumalıdır".

Tibbi tullantıların qəbulu və zərərsizləşdirilməsi ilə bağlı "Təmiz Şəhər" ASC-dən bildirilib ki, proses təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilir:

Küçələrimizdəki

"Bakı şəhərində əmələ gələn təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsini beynəlxalq standartlara cavab verən səviyyədə həyata keçirmək məqsədilə "Təmiz Şəhər" ASC tərəfindən 2025-ci ilin iyul ayında Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib. Tibbi tullantılar A, B, C, D kateqoriyalarına ayrılır. Bunlardan B və C təhlükəli və xüsusi təhlükəli tullantılar hesab edilir. Yeni istifadəyə verilmiş məntəqədə B və C kateqoriyasına aid edilən tullantılar saatda 500 kq olmaqla müasir avadanlıqlarda zərərsizləşdirilir, təhlükəsiz tullantılara çevrilir. Ötən müddət ərzində bu kateqoriyadan olan tullantıların daşınması işini həyata keçirən şirkətlər "Təmiz Şəhər" ASC ilə müqavilə bağlayıb və məntəqənin fəaliyyət göstərdiyi doqquz ay müddətində ümumilikdə 53 m³ həcmində təhlükəli tibbi tullantı gətirilərək təhvil verilib. Tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəraitdə idarəolunmasını istəyirik. Bu, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Sözügedən məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin icrası məqsədilə "Dövlət satınalmaları haqqında" Qanunun müvafiq maddələrinin tələbinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı üzərindən (etender.gov.az) satınalma prosesi həyata keçirilir:

Küçələrimizdəki

"Eyni zamanda, satınalmada iştirak edən təchizatçılardan "Lisenziyalar və icazələr haqqında" Qanunun tələbinə uyğun olaraq bu Qanunun 1 nömrəli əlavəsinin 1 və 9-cu (toksiki istehsalat tullantılarının zərərsizləşdirilməsi, utilizasiyası, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması) bəndlərində göstərilən fəaliyyət növləri üzrə lisenziyaları, habelə tibbi tullantıların çeşidlənməsi və müvəqqəti saxlanması fəaliyyəti ilə məşğul ola bilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş ekspertiza rəyini, təşkilatın fəaliyyətini əks etdirən ekoloji pasportu, Təhlükəli Tullantılar Pasportunu və digər əlaqəli sənədlərin surətlərini satınalan təşkilata təqdim etmələri tələb olunur".

Həmçinin qurumdan bildirilib ki, tibb müəssisələrindən hasil olan tibbi tullantıların toplanması, müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi xidmətləri isə "Tullantılar haqqında" Qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq aparılır:

"Qeyd edək ki, əməliyyatxanalardan çıxan tibbi tullantıların, o cümlədən orqan, toxuma, ət, dəri və digər bioloji materialların idarəolunması mövcud normativ hüquqi aktlara uyğun şəkildə tənzimlənir. Belə ki, tibbi tullantılar qaydalara uyğun xüsusi konteynerlərdə toplanır, müvafiq müqavilə əsasında lisenziyalı təşkilat tərəfindən daşınaraq zərərsizləşdirilir".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin də mövqeyi öyrənilib.

Qurumdan bildirilib ki, "Tullantılar haqqında" Qanunun 15-ci maddəsinə uyğun olaraq tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir:

Küçələrimizdəki

"Bu fəaliyyətlə bağlı hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması nəzərdə tutulur. Eyni zamanda, qanunun 23-cü maddəsinə əsasən, tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları) və məhkəmələr tərəfindən həll edilir. Bütün müalicə-profilaktika müəssisələrində hasil olan müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmi Nazirlər Kabinetinin 28.12.2007-ci il tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər"ə əsasən təşkil olunur. Həmin qərarın 7.8-ci bəndində B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər".

Qeyd olunub ki, müalicə-profilaktika müəssisələrinin (MPM) tullantılarının müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir:

"Mərkəzləşdirilmiş üsulla MPM-in tullantılarının zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Eləcə də, Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarın 9.4.6-cı bəndində müalicə-profilaktika müəssisələrində əmələ gələn tullantıların epidemioloji baxımdan çeşidlənərək növləri üzrə yığılmasına, zərərsizləşdirilməsinə və dəqiq uçotunun aparılmasına müəssisənin məsul şəxsi tərəfindən nəzarət edilməlidir. Eyni zamanda, bildiririk ki, tibbi tullantıların aidiyyəti üzrə daşınması və utilizasiyası bu sahədə xüsusi icazə və lisenziyası olan təşkilatlarla bağlanmış müqavilə əsasında həyata keçirilir".

Chosen
19
2
hafta.az

3Sources