EN

Çin və Rusiya İranı ABŞ-dən qoruyur? - Politoloqdan SENSASİON şərh

Qlobal geosiyasi gərginliyin yenidən artdığı bir mərhələdə, Prezident Donald Tramp tərəfindən səsləndirilən və Tehran rəsmiləri tərəfindən dərhal təkzib edilən “məhsuldar danışıqlar” bəyanatı, eləcə də İranın enerji infrastrukturlarına zərbələri qısa müddətə dayandırması təsadüfi addımlar kimi qiymətləndirilmir. Məhz bu ziddiyyətli açıqlamalar və addımlar fonunda ortaya çıxan əsas sual budur: tərəflər həqiqətənmi gizli razılaşmaların astanasındadır, yoxsa bu, daha geniş strateji oyunun tərkib hissəsi olan düşünülmüş siyasi manevrdir?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, son günlər İranın mövqeləri müəyyən qədər güclənib:

"Xüsusilə Çinin açıq və ya dolayı şəkildə Tehrana dəstək verməsi bu prosesi daha da sürətləndirən amillərdən biridir. Son vaxtlar mediada və müxtəlif ekspert müzakirələrində İranın guya “gizli silah”ının işə düşdüyü barədə iddialar səslənir. Bu “gizli silahın” isə bölgədə ABŞ-nin təsir imkanlarının zəiflədilməsinə və İstailin hərbi-siyasi baxımdan sıradan çıxarılmasına yönəldiyi bildirilir. Bu silahların İran alimləri tərəfindən uzun illər ərzində hazırlandığı iddia edilsə də, belə məlum olur ki, bunun arxasında məhz Çinin texnoloji və hərbi dəstəyi dayanır. Bu kontekstdə İranın əlindəki imkanların genişlənməsi, hətta regionda, o cümlədən Qətər və Dubay istiqamətində raketlər atması bununla əlaqələndirilir və proseslərin Çinin dolayısı ilə iştirakı ilə baş tutduğu deyilir.

Eyni zamanda, Rusiya da müəyyən hərbi və texniki dəstək göstərir. Bəzi ərazilərdə – xüsusilə hərbi obyektlər ətrafında raketlərin düşməsi ilə bağlı xəbərlər isə kifayət qədər müəmmalı xarakter daşıyır və bu hadisələrin arxasında hansı qüvvələrin dayandığı tam aydın deyil. Bütün bu faktorları ümumiləşdirdikdə belə bir nəticəyə gəlmək olar ki, İranın mümkün danışıqlara getməməsində əsas təsir mexanizmlərindən biri də məhz Çin və Rusiyadır. Bu iki böyük gücün əsas məqsədi ABŞ-nin qlobal təsir imkanlarını zəiflətmək və mövcud geosiyasi balansı öz xeyirlərinə dəyişməkdir".

Politoloqa görə, digər tərəfdən, danışıqlarda İranı təmsil edə biləcək fiqur kimi Məhəmməd Bağır Qalibafın adının ön plana çıxarılması da diqqət çəkir və bu məsələ müəyyən suallar doğurur:

"Aydındır ki, ölkə daxilində hakimiyyət daxilində parçalanmalar mövcuddur. Eyni zamanda, Əli Xameneinin oğlunun hakimiyyətdə varis kimi irəli çəkilməsinə qarşı müəyyən narazılıqların olduğu da hiss olunur.

Belə görünür ki, bu "xəmir" hələ çox su aparacaq və vəziyyət daha da mürəkkəbləşəcək. Çünki artıq Çin açıq şəkildə proseslərdə iştirak edən əsas oyunçulardan birinə çevrilib, Rusiya isə müxtəlif səviyyələrdə bu prosesin içindədir. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı dövrdə daha kəskin və gözlənilməz inkişaflar baş verə bilər".

Chosen
10
2
moderator.az

3Sources