EN

“Evə çıxırıq, yenə cərimə gəlir“ Parklanma yeri yoxdursa, nə etməli? VİDEO

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Binəqədi rayonu, Dağlıq küçəsi, 22 və ona paralel olan Eldar Babayev küçəsinin sakinləri parklanma ilə bağlı ciddi çətinlik yaşayırlar. Sakinlərin bildirdiyinə görə, əvvəllər avtomobillərini yaşadıqları binaların qarşısında maneəsiz saxlaya bilsələr də, son bir aydır qanunsuz parklanma səbəbindən mütəmadi olaraq cərimələnirlər.

Baku TV-nin məlumatına görə vətəndaşlar onlara hər dəfə 60 manat cərimə və iki cərimə balı tətbiq edildiyini vurğulayırlar.

"Hər səhər oyanıb telefona baxanda yeni cərimələrin gəldiyini görürük. Yol polisi əməkdaşları demək olar ki, hər gecə gəlib protokol yazırlar. Hətta avtomobili gözdən uzaq yerdə saxlasaq belə, yenə də cərimə tətbiq olunur", - sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib:

"Maşını saxlayıb rahat şəkildə evimizə qalxa bilmirik. Son 20 gün ərzində mənə üç dəfə cərimə gəlib, amma ərazidə qanuni parklanma yeri yoxdur. Avtomobili məcbur qalıb tinlərdə, künc-bucaqda gizlətməyə çalışırıq, lakin yenə də cərimə yazırlar".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, parklanma yerləri təşkil edilərkən mövcud yol infrastrukturu və piyada təhlükəsizliyi əsas götürülür: "Sözügedən ərazidə aparılan təhlillər nəticəsində yol şəraitinin əlverişsiz olduğu müəyyən edilib. Bu səbəbdən həmin ünvanda ödənişli parklanma məntəqəsinin təşkili hazırda mümkün deyil. Gələcəkdə yol infrastrukturu təkmilləşdirilərsə, bu məsələyə yenidən baxıla bilər".

Qeyd edək ki, mövcud qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitələrinin səkidə dayandırılması qadağandır. Qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, iki cərimə balı və 60 manat məbləğində cərimə tətbiq olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
1
moderator.az

2Sources