EN

“Neftçi” niyə “şirə dönüb”? – Səbəbi bu imiş

Avrokuboklara vəsiqə şansını çətinə salan “Neftçi” mövsümün sonuna yaxın “qaza basıb”.

Aylardır qələbə qazanmaqda çətinlik çəkən, məhsuldarlığı istənilən səviyyədə olmayan paytaxt təmsilçisi son 2 qarşılaşmada rəqib qapılarından 9 top keçirib.

Səfərdə “Qəbələ” 3:1 hesabı ilə üstələndi, “Palms Sports Arena”da “İmişli” meydana çıxmağa peşman oldu – 6:0.

İndiyə qədər niyə belə deyildi? Rəqib qapılarını toplarla doldurub xal sayını artırmağa kim mane olurdu? Vəziyyətin yaxşıya doğru dəyişməsinin kökündə nə dayanır?

Baş məşqçi Yuri Vernidubun əsasən ikinci hissədə meydana buraxdığı “gizli silah”ı Alessio Kurçi Sportinfo.az-ın suallarına aydınlıq gətirib:

“Çox yaxşı oyun sərgiləyərək möhtəşəm qalibiyyət əldə etdik. Son ötürmə və vuruşlarda dəqiq oynadıq. Hətta hesab arasındakı fərq daha böyük ola bilərdi.

Əvvəlki matçlara diqqət yetirsəniz, xal itirdiyimiz oyunlarda saysız qol imkanlarını boşa vermişdik. Şansların yarısından yararlansaydıq, indi üst pillələrin birindəydik.

“Neftçi”nin ən böyük problemi qol fürsətlərindən istifadə etməməklə bağlıdır. Bu çətinliyi aradan qaldırmağa çalışırıq. Çünki gec də olsa, xətlərarası əlaqə qaydasına düşür.

Lüksemburq millisinin üzvü əvvəlki dönəmlə indikini müqayisə edib:

“Komandamızdakı futbolçuların hər biri səviyyəsinə görə seçilir. Sadəcə oyun zamanı anlaşma baxımından çətinlik yaşayırdıq.

Qışa qədər olan müddət uyğunlaşmaya görə boşa getdi. Yeni ildən etibarən vəziyyət yaxşıya doğru dəyişib.

Demək olar hər matda qol vururuq, məhsuldarlıq göstəririk. Dediyim kimi, anlaşma səviyyəsi yaxşılaşıb, futbolçular bir-birini başa düşür”.

Maraq üçün bildirək ki, 25 turdan sonra rəqib qapılarından 39 top keçirən “Neftçi” məhsuldarlıq baxımından “Sabah”la (60 qol) “Qarabağ”dan (48 qol) geri qalır.

HƏBİB

Chosen
31
sportinfo.az

1Sources