EN

Trampın açıqlamasından sonra neft kəskin ucuzlaşdı

ABŞ prezidenti Donald Trampın İran münaqişəsi ilə bağlı açıqlamalarından sonra neft qiymətləri 10%-dən çox düşüb.

"Ölkə.az" xəbər verir ki, London ICE Futures birjasında may ayı üçün Brent markalı neft fyuçerslərinin qiyməti, Bakı vaxtı ilə saat 14:08-ə olan məlumata görə, 15,09 dollar (13,45%) azalaraq bir barel üçün 97,1 dollara düşüb.

Nyu-York Ticarət Birjasının elektron ticarətində may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 11,77 dollar (11,98%) azalaraq bir barel üçün 86,46 dollara düşüb.

Son həftə ərzində Brent markalı neft 8,8% bahalaşıb, WTI isə 0,4% ucuzlaşıb. ABŞ strateji ehtiyatlarından neft çıxarmağa başladığı üçün iki marka arasındakı fərq çoxillik maksimuma çatıb.

Tramp TruthSocial sosial media platformasında yazıb ki, İran elektrik stansiyalarına zərbələri beş gün təxirə salmaq qərarına gəlib. O, əvvəllər Tehrana Hörmüz boğazından keçən gəmiçilik hərəkətini 48 saat ərzində bərpa etməsə, İranın enerji infrastrukturuna zərbə endirəcəyini bildirmişdi.

"Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlara tam və qəti şəkildə son qoymaqla bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar". Prezident əlavə edib ki, danışıqlar bu həftə davam edəcək.

Goldman Sachs analitikləri 2026-cı il üçün Brent neftinin orta qiymət proqnozunu 8 dollar artıraraq barel üçün 85 dollara, WTI neftinin isə barel üçün 7 dollar artıraraq 79 dollara çatdırıblar. Onlar Brent neftinin mart və aprel aylarında əvvəllər gözlənilən 98 dollardan 110 dollara qədər artacağını gözləyirlər.

Elvin

Ölkə.az

Chosen
50
1
olke.az

2Sources