EN

Tamam Cəfərova: “Cənab Prezidentin siyasəti paytaxtla regionlar arasında sosial-iqtisadi fərqlərin minimuma endirilməsinə xidmət edir”



“Prezident İlham Əliyevin martın 23-də Şamaxıya həyata keçirdiyi səfər bir daha təsdiq edir ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır və bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl, məqsədyönlü və strateji xarakter daşıyır. Son illər ərzində ölkənin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yol, enerji, su təminatı, sosial obyektlərin tikintisi və müasir istehsal müəssisələrinin yaradılması regionların simasını köklü şəkildə dəyişmiş, onların iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Regionların inkişafına yönəlmiş dövlət siyasəti nəticəsində bölgələrdə sahibkarlıq mühiti daha da yaxşılaşmış, investisiya cəlbediciliyi artmış və əhalinin rifah halında ciddi irəliləyişlər müşahidə olunmuşdur. Bu siyasət həm də paytaxtla regionlar arasında sosial-iqtisadi fərqlərin minimuma endirilməsinə, ölkə üzrə balanslı və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Ölkə başçısının iştirakı ilə “Şirvan Aqro” heyvandarlıq kompleksinin və Şamaxı Avropa liseyinin açılışları isə həm iqtisadi, həm də sosial sahələrin paralel inkişafına verilən yüksək əhəmiyyətin bariz göstəricisidir.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, “Şirvan Aqro” kimi komplekslərin fəaliyyəti regionlarda iqtisadi aktivliyi artırır, yeni iş yerlərinin yaradılmasına şərait yaradır və kənd yerlərində yaşayan əhalinin rifah halının yaxşılaşmasına xidmət edir: “Bu yanaşma eyni zamanda kənd təsərrüfatının sənaye əsaslı inkişaf modelinə keçidini sürətləndirir və ölkənin ixrac potensialının genişlənməsi üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyev “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı zamanı qeyd etmişdir: “Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək.” Bu fikirlər dövlətin aqrar siyasətinin strateji mahiyyətini aydın şəkildə ortaya qoyur. Burada əsas məqsəd ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunması, daxili istehsalın gücləndirilməsi və xarici bazarlardan asılılığın minimuma endirilməsidir. Belə iri heyvandarlıq komplekslərinin yaradılması yalnız istehsal həcminin artırılması ilə məhdudlaşmır, həm də müasir texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi və aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm rol oynayır. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğulamışdır: “Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb.” Bu fikirlər son illər ərzində Şamaxının keçdiyi sürətli inkişaf yolunun və həyata keçirilən genişmiqyaslı layihələrin real nəticələrini əks etdirir. Bölgədə turizm infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, xidmət sektorunun genişləndirilməsi və sosial obyektlərin yaradılması Şamaxının cəlbediciliyini artırmaqla yanaşı, region iqtisadiyyatının şaxələndirilməsinə də mühüm töhfə verir.”

Fikirlərini davam etdirən millət vəkili bunu da qeyd edib ki, Şamaxı Avropa liseyinin açılışı təhsil sahəsində həyata keçirilən islahatların və yeniliklərin uğurlu nəticəsidir: “Müasir infrastruktura malik, qabaqcıl təhsil standartlarına cavab verən belə məktəblər gənc nəslin hərtərəfli inkişafı, onların müasir bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda milli və ümumbəşəri dəyərlər əsasında formalaşması üçün geniş imkanlar yaradır. Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib. Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəbin istifadəyə verilməsi təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir infrastrukturun formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər regionlarda təhsil imkanlarının genişləndirilməsinə, gənc nəslin daha yaxşı şəraitdə oxumasına və ölkənin insan kapitalının gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri, yerlərdə həyata keçirilən layihələrlə birbaşa tanış olması və yeni obyektlərin açılışında iştirakı dövlət idarəçiliyində operativlik, nəzarət və vətəndaşlara yaxınlıq prinsipinin əsas götürüldüyünü nümayiş etdirir. Bu yanaşma nəticə etibarilə Azərbaycanın bütün bölgələrinin tarazlı və davamlı inkişafını təmin edir, regionların potensialını hərəkətə gətirir və ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə xidmət edir. Şamaxı sakinləri adından və şəxsən öz adımdan cənab Prezident İlham Əliyevə rayonumuza göstərilən yüksək diqqət və qayğıya, həyata keçirilən genişmiqyaslı layihələrə və yaradılan inkişaf imkanlarına görə dərin təşəkkürümü bildirirəm. Bu diqqət və qayğı Şamaxının gələcək inkişafı üçün möhkəm zəmin yaradır və bölgə sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır” – deyə, Tamam Cəfərova fikirlərini başa çatdırıb.



Chosen
66
aia.az

1Sources