EN

Ekspertin: ABŞ ın İrana qarşı əməliyyatı İraq müharibəsindən daha böyük səhv sayılır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-ın NATO yanında sabiq daimi nümayəndəsi İvo Daalder (2009–2013) hesab edir ki, Vaşinqtonun İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlaması 2003-cü ildə İraqa müdaxilədən daha ciddi strateji səhv olub.

Bizimyol.info xəbər verir ki, o, "Politico" nəşrində dərc olunan məqaləsində yazır ki, ABŞ-ın İsraillə birlikdə İrana qarşı müharibəyə qoşulması “daha genişmiqyaslı strateji səhvdir və onun nəticələri xeyli daha ağırdır”. Daalderin sözlərinə görə, bu səhvin təsirləri regiona və qlobal iqtisadiyyata birbaşa təsirdən başlayaraq, uzunmüddətli perspektivdə Rusiya və Çinə fayda verməsi, eləcə də ABŞ-ın müttəfiqləri və beynəlxalq nüfuzuna mənfi təsirləri ilə özünü göstərir. Onun fikrincə, bu nəticələr artıq əməliyyatın başlamasından üç həftə sonra aydın görünür.

Ekspert qeyd edir ki, İranın bəzi siyasi və hərbi liderlərinin öldürülməsinə baxmayaraq, əməliyyat ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxarmayıb. Əksinə, Tehran ABŞ maraqlarına maksimum zərbə vurmaq üçün fəal kampaniya aparır.

Onun sözlərinə görə, münaqişə nəticəsində dünya iqtisadiyyatı tarixdə ən ciddi neft-qaz böhranı ilə üzləşib və bunun təsirləri, hətta münaqişə tezliklə başa çatsa belə, aylarla, bəlkə də illərlə hiss olunacaq. Daalder vurğulayır ki, qlobal iqtisadiyyata dəyən zərər İraq müharibəsinin ümumi nəticələrindən daha böyükdür.

ABŞ-ın müttəfiqləri ilə münasibətlərə toxunan sabiq diplomat bildirib ki, İraqa müdaxilə öncəsi prezident Corc Buş müttəfiqləri planlar barədə məlumatlandırmış və onları əməliyyata cəlb etməyə çalışmışdı. Halbuki hazırkı administrasiya nə müttəfiqləri əvvəlcədən məlumatlandırıb, nə də onların hazırlığını nəzərə alıb. Əksinə, münaqişə zamanı onlardan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyi tələb edib, halbuki həmin vaxt ABŞ Hərbi Dəniz Qüvvələri belə buna hazır deyildi.

Nəticədə, Daalderin fikrincə, İrana qarşı əməliyyat ABŞ müttəfiqlərində belə bir qənaət formalaşdırıb ki, artıq Vaşinqtona etibar etmək mümkün deyil və ABŞ onların iqtisadi təhlükəsizliyi üçün real riskə çevrilib.

Sabiq səfir yekunda qeyd edir ki, əgər əvvəllər ABŞ müharibənin yaratdığı itkiləri kompensasiya edə biləcək qədər güclü idisə, hazırda İranda davam edən münaqişə ölkəni qlobal güc, nüfuz və təsirinin böyük hissəsini itirmiş vəziyyətdə qoyacaq və onu rəqibləri ilə təkbaşına üz-üzə qalmağa məcbur edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
83
icma.az

1Sources