Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsi, ev 74-ün hasarının üzlük hissəsi qoparaq yerə tökülüb. Əraziyə səpələnən iri plitələr ev sahibini narahat edir.
Bu səbəbdən ev sahibi Brilliant Babayeva "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edərək bildirib ki, 3 gün əvvəl gecə saatlarında yaşadığı evin həyət divarının çöl hissəsində yerləşən örtüyün böyük bir hissəsi tamamilə qoparaq dağılıb. Onun sözlərinə görə, hadisədən sonra aidiyyəti qurumların heç bir əməkdaşı divarın təmiri ilə bağlı əraziyə baxış keçirməyib.
Divarın hansı səbəbdən uçması məlum olmasa da, ev sahibi deyir ki, ilkin ehtimallara görə, keyfiyyətsiz tikinti materialları və ya əlverişsiz hava şəraiti bu vəziyyətə səbəb ola bilər.
İndi ev sahibi divardan qopan plitələrin yenidən bərpa olunaraq yerinə qoyulmasını istəyir. Sözügedən üzlüklərin ərazidəki hasarlara estetik görünüş verilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən vurulduğunu nəzərə alaraq biz də sözügedən məsələ ilə bağlı həmin qurumun nümayəndəsi ilə əlaqə saxladıq.
Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən bu divarın üzlüklərinin sökülməsindən məlumatlıdırlar və həmin qopmuş hissə qısa müddətdə ərzində təmir ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.