EN

Psixoloqlara maraq artır: Dəb dalğası, yoxsa emosional ehtiyac?

Bir vaxtlar psixoloqa getmək zəiflik kimi qəbul olunurdu, indi isə bu yanaşma sürətlə dəyişir. Müasir dövrdə insanlar psixoloji və fiziki sağlamlığın eyni dərəcədə vacib olduğunu daha yaxşı anlayır.

Bəs bu artan maraq sadəcə dəb dalğasıdır, yoxsa həqiqətən daxili ehtiyacın göstəricisi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib:

Dilruba Həsənova

“Düşünürəm ki, bu gün psixoloqa getmək artıq dəb yox, ehtiyacdır.
Çünki insanlar əvvəlki kimi problemlərini susub içində saxlamır. Həyatın tempi artıb, stres çoxalıb, münasibətlər çətinləşib. Hər kəs güclülər görünməyə çalışır, amma daxilən yorğun və qarışıqdır.

“Psixoloqa getmək zəiflik deyil. Əksinə, insanın özünü tanımaq istəyi, daxili səsini eşitmək cəsarətidir, insanın özü ilə üzləşməsidir. Sadəcə problem olanda yox, özünü daha yaxşı anlamaq, münasibətləri düzəltmək, emosiyalarını idarə etmək üçün də psixoloqla danışmaq vacibdir”, — Dilruba Həsənova əlavə edib.

“Bəziləri bunu “dəb” kimi görür. Əslində bu, insanın özünə verdiyi dəyərin göstəricisidir. Necə ki, bədənimiz xəstələnəndə həkimə gedirik, ruhumuz yorulanda da psixoloqa müraciət etmək normaldır.
Yəni qısa desəm: Bu, artıq trend yox, şüurlu seçimdir”, — deyə psixoloq vurğulayıb.

D. Həsənova keçmişə nəzər salaraq bunları deyib:

“Əvvəllər cəmiyyətdə uzun müddət belə bir düşüncə mövcud idi ki, psixoloqa yalnız “problemi böyük olan” və ya “imkanlı insanlar” gedir. Bu isə bir növ sosial etiket kimi formalaşıb. Yəni psixoloji dəstək sanki seçilmiş bir qrupun “lüks ehtiyacı” kimi qəbul edilib.
Amma burada məsələ elitlik yox, şüur səviyyəsi və mədəniyyət məsələsidir.
Cəmiyyət inkişaf etdikcə insanlar anlayır ki, dəyər yalnız maddi vəziyyətlə ölçülmür, onun daxili dünyası, emosional sağlamlığı da eyni dərəcədə vacibdir. Psixoloqa müraciət etmək, insanın özünə qarşı məsuliyyət hissinin artmasıdır. Bu, artıq fərdin “cəmiyyət nə deyər?” mərhələsindən çıxıb “mən kiməm və necə yaşamaq istəyirəm?” sualına keçididir. Psixoloqa müraciət etmək getdikcə daha çox qəbul olunur: özünü tanıyan, emosiyalarını anlayan, psixoloji olaraq sağlam qalmağa çalışan şəxs daha “keyfiyyətli” insandır”.

Dəniz Pənahova
KONKRET.az

Chosen
100
1
konkret.az

2Sources