EN

Premyer Liqada mövsümün rekordu təkrarlandı

BAKI, 22 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXV turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib. Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib. Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var.

Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə böyük üstünlük qazanıb – 8:1.

Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.

Chosen
48
teleqraf.com

1Sources