“Qarabağ”ın bu dəfə milli çempionatda, həm də çox vacib bir qarşılaşmada haqsız hakim qərarı ilə üzləşməsi üzücü və bir az da düşündürücüdür
İki gün əvvəl Yevlaxda ev sahibi kimi oynayan “Kəpəz”in “Qarabağ”ı əvvəlki dövrədəki kimi yenə məğlub etməsi Ağdam klubu ilə “Sabah” arasında xal fərqini 10-a çatdırdı.
Qurban Qurbanov elə “Sabah”la 3:3 oynadıqları qarşılaşmadan sonra demişdi ki, “Qarabağ” hər il çempion olmağa məcbur deyil. “Qarabağ”ın bu il Çempionlar Liqasında 24 ən bacarıqlı klub siyahısına düşməsi və güclü rəqiblərlə qarşılaşması çempionluq mübarizəsinə təsirsiz ötüşmədi. Çempionatdakı iddialı rəqiblərindən olan “Sabah” da bunu fürsətə çevirə bildi. İndi sona 9 tur qalmış çoxları “Sabah”ın ilk çempionluğunu qəbul etmiş kimi görünür...
“Sabah” iki rusiyalı baş məşqçi vaxtında da pis oynamırdılar, amma Valdas Dambrauskas nizam-intizamlı komanda oyunu yaradıb, həm də görünür ki, klub rəhbərliyinin konkret tələbi var – “Sabah”ı çempion etmək. Yaxşı arzudur, nə demək olar ki...
Çempionluq yarışı haqda yazıların birində qeyd etmişdim ki, hakimlərin “Sabah”a güzəşt etdiyi hələ hiss edilmir, amma qarşıdakı həlledici turlarda qarşımıza nələr çıxacağını indidən demək olmaz. Buyurun, “Qarabağ”ın “Kəpəz”lə oyununda Ağdam klubunun aşkar penaltisini verməmək o şübhələri xeyli qabartdı. Şübhəli çempionluq kimin nəyinə lazımdır?
“Kəpəz” “Qarabağ”la qarşılaşmada çox tər tökdü, çempionluq yarışında araya girmiş kimi görünə bilərdi, amma onlar da yüksək liqada qalmaq üçün çalışırlar, yəni verilməyən penaltinin onlarla heç bir əlaqəsi yox. Kamilo Durana qarşı qayda pozuntusunu baş hakim Əli Əliyevin görməməsi deyək ki, mümkün idi, amma VAR bu cür aşkar penaltinin niyə təyin etməməsininin izahı yoxdur. Qayda pozuntusu o qədər aşkar idi ki, VAR yoxlaması davam edərkən “Qarabağ”ın yarımmüdafiəçisi Montel topu əlinə götürmüş və penalti üçün hazırlaşmışdı da. Amma VAR-dan gələn qərar “Qarabağ”ın və azarkeşlərin ümidini puça çıxardı. Bəlkə də top qapıya girməyəcəkdi, bəlkə qapıçı qaytaracaqdı...Amma ən pisi oldu- penalti verilmədi.
Beynəlxalq arenalarda “Qarabağ” bu cür haqsız hakim qərarları ilə dəfələrlə üzləşib, amma indi bu cür ədalətsizliklə milli çempionatda, həm də çox vacib bir qarşılaşmada üzləşməsi həm üzücü, həm də düşündürücüdür.
Yadımdadır ki, 2022-ci fevralında “Qarabağ” Bakıda Fransa təmsilçisi “Marsel”lə qarşılaşmada bir mübahisəli qol epizoidu olmuşdu. Birinci hissənin axırlarına yaxın Vadji (indi “Turan”da oynayır) topu rəqibin qapısından keçirəndə meydanda Fransa klubu təmsilçiləri etirazlara başladılar. Hakim qolu qeydə almışdı, amma bu vaxt Qurban Qurbanov müdaxilə etdi, Vadjini yanına çağırdı, onunla dəqiqləşdirdi. Bundan sonra Vadji topu əli ilə vurduğunu hakimə etiraf etdi...
Həmin Qurban Qurbanov indi isə deyir ki, Kamilodan da soruşub, o da deyib ki, zərbə ayağıma dəymişdi. Türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnel də verilməyən penalti epizodunu şərh edib.(mənbə: qol.az) O, “Qarabağ”ın futbolçusuna qarşı qayda pozuntusu edildiyini, baş hakim(Əli Əliyev) və ya VAR hakiminin (Rauf Cabbarov) penalti verməli olduğunu söyləyib. “Qarabağ”ın baş məşqçisi klubun lehinə penaltinin verilməməsinə görə VAR hakiminin ünvanına kinayəli “sağ olsun” deməklə kifayətlənib. Onu da deyib ki, çempionluq mübarizəsi mütləq davam edəcək, hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacaqlar.
“Sabah”ın builki çempionluq arzusunun arxasında hansısa məmurların durduğu haqda sosial şəbəkədəki müzakirələri ciddiyə almamaq da olar. Pribaltika təmsilçisi Dambrauskasın klubu çempion etmək istəyi arxasında özündən əvvəlki (rusiyalı) mütəxəssislərdən fərqlənmək arzusu da dayana bilər. Ola bilsin, o, daha yaxşı liqalara getmək üçün özünü burda təsdiqləmək fürsəti tapıb, bunu şansa çevirir. “Sabah” heç bir özəlliyi ilə şəxsən mənim favorim ola bilməz,“Qarabağ” kimi beynəlxalq arenalarda təcrübə toplamaq üçün ona illər və stabil klub olmaq lazımdır. Qərəzli anlaşıla bilər, amma beynəlxalq arenada “Sabah”da hələ o potensialı görmürəm. Amma Azərbaycan liqası səviyyəsində yaxşı klubdur, çempion da olsalar, bunu göydəndüşmə saymaq olmaz – həm məşqçi heyətinin, həm də oyunçuların ciddi zəhməti var.
Bu il çempionatda maraqlı mübarizə var, amma çempionluq yarışında bu cür aşkar hakim “səhvləri” adamda ümidsizlik yaradır. Mənə qalsa, bu il “Qarabağ” bu heyətlə Avropa Liqasında oynasaydı, ÇL-dan daha yaxşı nəticə göstərərdi, həm də bu qədər ağır qarşılaşmalar oynamadan. Ona görə növbəti sezon Avroliqa təmsilçiliyi dərd deyil, əksinə yaxşısı bu olar...
Nazim SABİROĞLU,
Musavat.com