Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyev tərəfindən Fərman imzalanıb. Fərmanın məqsədi daha şəffaf, ədalətli və vahid struktura malik əməkhaqqı sisteminin təmin edilməsidir.
Fərmanla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Prezidentin dövlət qulluqçularının əməkhaqqı sistemi ilə bağlı imzaladığı sənəd bu sahədə mühüm dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər:
"Bu sənəd təkcə maaşların artırılması və ya azaldılması ilə bağlı deyil, bütövlükdə əməkhaqqı sisteminin daha müasir və şəffaf əsaslar üzərində qurulmasına xidmət edir.
İlk növbədə, bu Fərman mövcud maaş sistemində olan mürəkkəbliyi aradan qaldırmağı hədəfləyir. İndiyədək əməkhaqqı müxtəlif mükafatlar və əlavə ödənişlər hesabına formalaşırdı ki, bu da həm sistemin aydınlığını azaldır, həm də bəzi hallarda subyektiv yanaşmalara şərait yaradırdı. Yeni yanaşma isə bu elementləri minimuma endirərək daha vahid və başa düşülən əməkhaqqı modelini ön plana çıxarır.
Bunun nəticəsi olaraq, dövlət qulluqçuları üçün maaş sistemi daha sabit və proqnozlaşdırılan xarakter alır. İnsanlar artıq öz gəlirlərini daha dəqiq planlaşdıra biləcək, bu isə onların sosial rifahına müsbət təsir göstərəcək. Digər tərəfdən, maaşların daha açıq və şəffaf şəkildə müəyyənləşdirilməsi idarəetmədə ədalət hissini gücləndirəcək və dövlətə olan etimadı artıracaq".
Deputatın sözlərinə görə, eyni zamanda, bu dəyişikliklərin dövlət qulluğunun cəlbediciliyinə də müsbət təsir edəcəyi gözlənilir:
"Daha aydın və rəqabətqabiliyyətli əməkhaqqı sistemi peşəkar və ixtisaslı kadrların dövlət sektoruna marağını artıracaq, bu isə uzunmüddətli perspektivdə idarəetmənin keyfiyyətinə öz təsirini göstərəcək.
Beləliklə, bu Fərman mahiyyət etibarilə maaş sisteminin sadələşdirilməsi, şəffaflığın artırılması və dövlət qulluğunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində atılmış mühüm addımdır. Bu dəyişikliklər təkcə bu gün üçün deyil, gələcək üçün daha güclü və dayanıqlı idarəetmə modelinin formalaşmasına xidmət edir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.