EN

Rektor: Dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid strateji baxımdan düzgün qərardır

“Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində qəbul edilən son dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı institusional islahatların mühüm tərkib hissəsidir. Bu dəyişikliklərə yalnız əməkhaqqı mexanizminin yenilənməsi kimi yanaşmaq kifayət etmir. Burada söhbət dövlət idarəçiliyinin keyfiyyətindən, dövlət qulluğunda qaydaların daha aydın və vahid əsasda qurulmasından, peşəkar insan resurslarının dəyərinin daha düzgün ifadə olunmasından gedir”. 

Bu fikirləri Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev bildirib.

Onun sözlərinə görə, müasir dövlət idarəçiliyi əməkhaqqı sistemində daha aydın quruluşu, vahid yanaşmanı və vəzifə maaşının müəyyənedici rolunu zəruri edir. Məhz bu baxımdan aparılan dəyişikliklər əvvəlki təcrübənin inkarı deyil, yeni mərhələnin tələblərinə uyğun təkmilləşmədir.

Vilayət Vəliyev qeyd edib ki, yeni modelin mahiyyəti məhz əməkhaqqı sistemində formalaşmış mürəkkəbliyi və disproporsiyaları aradan qaldırmaqdan ibarətdir: “Əvvəllər ayrıca əlavələr formasında ödənilən hissələrin aydın və vahid struktur daxilində formalaşdırılması dövlət qulluğunda əməkhaqqı sistemini daha sabit və daha ədalətli edir. Eyni zamanda, maaş sisteminin aydın olması, həm hesabatlılığı gücləndirir, həm də vəzifə ilə ödəniş arasındakı əlaqəni daha şəffaf və məntiqli əsasda qurur. Bu islahatın mühüm tərəflərindən biri də əməkhaqqı sistemində uzun illər ərzində yığılıb qalmış bəzi fərqlərin azaldılması üçün real zəmin yaratmasıdır. Vahid yanaşma gücləndikcə bərabər imkanlar da möhkəmlənir. Dövlət qulluqçularının gəliri daha dayanıqlı və öncədən hesablana bilən xarakter alır. Bu isə təkcə maddi rahatlıq məsələsi deyil. Gələcəyini daha aydın görən, əməyinin necə qiymətləndirildiyini bilən əməkdaş öz peşəkar fəaliyyətində də daha məsuliyyətli, inamlı və dayanıqlı olur”.

V.Vəliyev bildirib ki, bu gün əmək bazarı daha dinamikdir, seçim imkanları daha genişdir: “Peşəkar kadrlar isə öz əməyinin harada daha layiqli qiymətləndirildiyinə diqqət yetirir. Belə şəraitdə dövlət qulluğu təkcə ənənə, nüfuz və sabit iş yeri hesabına deyil, həm də rəqabətqabiliyyətli əməkhaqqı sistemi hesabına gənc, hazırlıqlı və peşəkar insanlar üçün real seçimə çevrilə bilər. Xüsusilə gənc kadrlar baxımından bu dəyişikliklərin əhəmiyyəti böyükdür. Əvvəlki modeldə ümumi gəlirdə müxtəlif əlavələrin xüsusi çəkisinin yüksək olması bəzi hallarda dövlət qulluğuna yeni qəbul olunan şəxslərin mövqeyini nisbətən zəif göstərirdi. Yeni model isə peşəkar inkişaf yoluna yeni başlayan mütəxəssisə daha aydın perspektiv təqdim edir. Bu yanaşma dövlət xidmətinə təkcə bu günün deyil, sabahın kadrını cəlb etmək baxımından da mühüm əhəmiyyət daşıyır”.
Rektor vurğulayıb ki, məhz bu məqamda ali təhsil mühitinin rolu ayrıca qeyd olunmalıdır: “Bu dəyişikliklər ali məktəblərdə təhsil alan, gələcəyini dövlət sektorunda qurmaq istəyən gənclər üçün mühüm siqnaldır. Dövlət qulluğunda daha şəffaf və proqnozlaşdırılan əməkhaqqı modelinin formalaşması bugünkü tələbə üçün bu sahəni daha cəlbedici və perspektivli karyera istiqamətinə çevirir. Hesab edirəm ki, dövlət qulluğunda aparılan islahatlar universitetlərin yetişdirdiyi gənc kadrların dövlət qulluğunda çalışmaq üçün motivasiyasını gücləndirən vacib addım kimi də dəyərləndirilməlidir. Eyni zamanda, bir vacib həqiqət də ondan ibarətdir ki, əməkhaqqının səviyyəsi, strukturu və müəyyən olunma qaydası real ehtiyacları və nəticəyönümlü xidməti əks etdirmirsə, bu, təkbaşına xidmət keyfiyyətini yüksəltmir. Başqa sözlə, məsələ yalnız maaşın artmasında deyil, maaşın düzgün qurulmuş sistemə çevrilməsindədir”.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə kontekstində də yeni modelin əhəmiyyəti kifayət qədər böyükdür: “Azərbaycanda bu sahə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və burada hüquqi, institusional və inzibati tədbirlər ardıcıl şəkildə gücləndirilir. Beynəlxalq təcrübə isə göstərir ki, korrupsiyaya qarşı mübarizə yalnız nəzarət və cəza mexanizmləri ilə məhdudlaşmır. Sağlam əməkhaqqı sistemi də burada mühüm preventiv rol oynayır. Lakin bu məsələdə sadə qənaətlə kifayətlənmək olmaz. Məsələn, Çin üzrə aparılmış empirik araşdırma göstərir ki, dövlət sektorunda əməkhaqqının aşağı olduğu şəraitdə maaş artımı korrupsiya meyllərinin azalmasına təsir göstərə bilir. Amma maaş müəyyən yüksək həddə çatdıqdan sonra artıq təkcə stimullaşdırma kifayət etmir, “nəzarət və cəza” mexanizmləri də paralel işləməlidir. Bu baxımdan Sinqapur, Honq-Konq, Estoniya, Latviya, Sloveniya, Gürcüstan və bir sıra digər ölkələrin təcrübəsi də diqqətəlayiqdir. Bu təcrübələr göstərir ki, dövlət qulluğunda əməkhaqqı siyasətinin sağlamlaşdırılması təkcə sosial rifah məsələsi deyil. Bu, eyni zamanda peşəkar kadrların cəlbi, dövlət xidmətində şəffaflığın möhkəmlənməsi, ictimai etimadın artması və idarəetmənin ümumi keyfiyyətinin yüksəlməsi ilə birbaşa bağlıdır. Bir sıra Avropa ölkələrində də son illər çoxqatlı və mürəkkəb maaş strukturlarının sadələşdirilməsi, vəzifələrin təsnifatına əsaslanan vahid yanaşmanın gücləndirilməsi təsadüfi deyil. Bu, müasir dövlət idarəçiliyinin tələbidir”.

V.Vəliyev qeyd edib ki, dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid vaxtında qəbul edilmiş, strateji baxımdan düzgün və zəruri qərardır: “Bu dəyişikliklər əməkhaqqı sistemini daha aydın və daha dayanıqlı edir, sosial müdafiəni gücləndirir, peşəkar kadr siyasətini möhkəmləndirir, dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətini artırır və korrupsiyaya qarşı mübarizəyə əlavə institusional dayaq yaradır. Ən başlıcası isə budur ki, dövlət qulluğunda əməkhaqqı sistemində aparılan yeniliklər idarəetmədə aydın qaydaların, sabit təminatın və ədalətli yanaşmanın möhkəmlənməsinə xidmət edir. Bu dəyişikliklər sosial müdafiəni gücləndirməklə yanaşı, peşəkar kadr siyasəti üçün sağlam zəmin yaradır. Eyni zamanda, ali təhsil mühitində formalaşan gənc mütəxəssislər üçün dövlət qulluğunda anlaşıqlı və proqnozlaşdırılan institusional çərçivənin formalaşmasına şərait yaradır”.

Chosen
47
5
yeniazerbaycan.com

6Sources