EN

Burada əsas məsələ odur ki, insan özünü aldadıb asan tərəfə qaçmasın, eyni zamanda özünü zərərə də salmasın

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oruc tutmaq idmançılar üçün də mümkündür, amma bu, onların məşq rejimi və fiziki yükünü nəzərə alaraq planlaşdırılmalıdır. Xüsusilə futbolda davamlı qaçış, sürət və sıçrayış tələb olunduğundan, iftar saatının oyun və məşq vaxtına düşməsi bədən üçün çətinlik yarada bilər. Mütəxəssislər bildirir ki, düzgün qidalanma, su balansı və məşq intensivliyinin tənzimlənməsi ilə oruc tutmaq mümkündür, lakin hər kəs üçün fərdi yanaşma vacibdir. Nəticədə idmançı həm dini öhdəliyini yerinə yetirə, həm də performansını qoruyub saxlaya bilər.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam insanın real vəziyyətini nəzərə alan bir dindir və buna görə idmançı məsələsinə də özümüzdən quru hökm kimi yox, vəziyyətə görə baxmaq lazımdır: “Quran-i Kərimdə Allah açıq şəkildə buyurur ki, sizdən kim xəstə və ya səfərdədirsə, tutmadığı günləri başqa vaxtda qəzâ etsin. Ardınca isə deyir ki, Allah sizin üçün çətinlik istəməz, asanlıq istər. Bu, Bəqərə surəsi 185-ci ayədəki əsas prinsipdir. Din insanı sıxmaq üçün gəlməyib. Başqa bir ayədə isə deyilir ki, Allah heç kəsə gücünün çatmadığı şeyi yükləməz. Bu da Bəqərə 286-cı ayədəndir. Yəni imkan və güc məsələsi burada əsasdır.

Peyğəmbər (s.ə.s) dövründə də belə hallar olub. Səfərdə olan səhabələrdən bəziləri oruc tuturdu, bəziləri tutmurdu və Peyğəmbər (ona və ailəsinə salam olsun) heç birini qınamırdı. Hətta buyururdu ki, Allahın verdiyi asanlığı qəbul etmək də Onun istədiyi bir haldır. Bu, bizə göstərir ki, din insanı məcbur edib zora salmır. İndi bunu idmançılar üçün tətbiq etdikdə məsələ aydın olur. Peşəkar idmançı, xüsusilə futbolçu, atlet, boksçu gün ərzində ciddi fiziki yüklə qarşılaşır. Orqanizm su və enerji itirir. Müasir tibbin də dediyi budur ki, uzun müddət susuz qalmaq bəzən diqqəti zəiflədir, zədə riskini artırır, bəzən də ciddi halsızlıq yaradır. Bu, artıq yalnız ibadət məsələsi deyil, eyni zamanda sağlamlıq məsələsinə çevrilir”.

Əkrəm Həsənov qeyd edib ki, İslam alimləri də bu cür halları nəzərə alıb idmançılarla bağlı yumşaq mövqelər bildiriblər, hətta sərt mövqe belə bildirən alimlər var: “Klassik alimlərdən İmam Nəvəvi və İbn Qudamə açıq şəkildə qeyd edir ki, əgər insan ağır işdədirsə və oruc tutmaq ona real zərər verəcəksə, o halda orucu aça bilər və sonra qəzâ edə bilər. Bu, dinin verdiyi bir güzəştdir və zəiflik deyil, əksinə hikmətini göstərir.

Burada incə bir xətt var: əgər idmançı məşqini və oyun saatını elə tənzimləyə bilirsə ki, oruc ona ciddi zərər vermir, o zaman orucunu tutması daha doğru olar. Çünki oruc sadəcə aclıq deyil, insanın özünü tərbiyə etməsidir. Əgər dəyişmək mümkün deyilsə və real təhlükə varsa, o zaman orucu sonraya saxlamaq daha düzgün yanaşmadır. Burada əsas məsələ odur ki, insan özünü aldadıb asan tərəfə qaçmasın, amma eyni zamanda özünü zərərə də salmasın. Din ifratı da qəbul etmir, səhlənkarlığı da.

Bu mövzuda maraqlı bir məqam da var: bəzi idmançılar deyir ki, oruc onlarda intizamı artırır, diqqəti gücləndirir. Bu, insanın daxili vəziyyətindən asılıdır, amma bu hamıya aid deyil. Hər bədən eyni deyil, hər şərait də eyni deyil”.

İlahiyyatçı bildirib ki, mənbələrə baxanda görürük ki, idmançı üçün də oruc əslində vacibdir: “Əgər oruc sağlamlığa və fəaliyyətə ciddi zərər vermirsə, tutulmalıdır. Əgər zərər varsa və ya ciddi çətinlik yaranırsa, həmin gün tutulmaya bilər, sonra qəza edilir. Din insanı yaşatmaq üçündür, onu çətinliyə salmaq üçün yox. Bu tarazlığı qoruyan insan həm ibadətini düzgün edir, həm də həyatını düzgün yaşayır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
114
48
bizimyol.info

10Sources