EN

Tramp İranla sövdələşməyə gedir? – Ağ Evdə sanksiya yumşalması

ABŞ-ın maliyyə naziri Skott Bessent rəsmi Vaşinqtonun İran neftinə tətbiq edilən sanksiyaları qismən ləğv etməyi planlaşdırdığını açıqlayıb. Söhbət hazırda tankerlərdə olan və dənizdə gözləyən 140 milyon barrel neftdən gedir. Nazirin sözlərinə görə, bu həcm dünya bazarının 10-14 günlük tələbatını ödəmək iqtidarındadır.

NOCOMMENT.az xəbər verir ki, bu addım dünya bazarında neftin qiymətini aşağı salmaq məqsədi daşıyır. Belə ki, son bir neçə gündə “Brent” markalı neftin qiyməti 10% artaraq 111 dollara çatıb. Analitiklər hesab edir ki, sanksiyaların yumşaldılması ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması istiqamətində ilk addım ola bilər.

Ekspertlərin fikrincə, Tramp administrasiyası müharibənin mənfi iqtisadi təsirlərini azaltmaq üçün sülh dövründə qəbul etmədiyi kompromislərə getməyə məcburdur. Lakin bu qərar ABŞ daxilində və müttəfiqlər arasında ciddi mübahisələrə səbəb olub. Keçmiş müşavir Con Bolton Trampı ictimai rəyi hazırlamadan və Konqreslə məsləhətləşmədən müharibəyə başlamaqda ittiham edib. Eyni zamanda, İsrailin İranın qaz yataqlarına zərbə endirməsi Vaşinqton və Tel-Əviv arasındakı münasibətləri gərginləşdirib.

Hazırda Vaşinqtonda belə bir qənaət hasil olur ki, İrandakı daxili xaos və rəhbərliyin itkiləri Tehranı atəşkəsə razı sala bilər. Lakin ABŞ-ın bunun müqabilində irəli sürəcəyi şərtlər kifayət qədər sərtdir: Hörmüz boğazının tam açılması, zənginləşdirilmiş uranın təhvil verilməsi və MAQATE müfəttişlərinin ölkəyə buraxılması. Bəzi mütəxəssislər isə xəbərdarlıq edir ki, bu fasilə İranın öz hərbi potensialını bərpa etməsinə şərait yarada bilər ki, bu da ABŞ üçün “strateji iflas” deməkdir.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
80
nocomment.az

1Sources