EN

Dövlət qulluğunda yeni maaş sistemi - Mütəxəssislərin İZAHI

Dövlət idarəçiliyində aparılan institusional islahatların davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Musavat.com bildirir ki, islahatların əsas prinsipi kimi, dövlət qulluğunda mükafat sistemi ləğv olunur.

Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən həm kollektiv, həm də fərdi mükafatlar tamamilə aradan qaldırılır. Beləliklə, indiyədək dövlət qulluqçularına fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Ləğv edilən mükafatlara həm kollektiv, həm də fərdi təşviq ödənişləri daxildir. Qeyd olunur ki, dövlət qulluqçularının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində onların aylıq vəzifə maaşının üç misli həcmində əlavə vəsait nəzərdə tutulur. Bu vəsait isə bayram günləri və fəaliyyətə görə ödənilirdi.

Yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan islahatları davam etdirir, dövlət qulluğunda əməkhaqqı sistemini müasir, balanslı və sabit model üzərində qurmağa imkan yaradır. Bu islahat əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasına, əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasına, nəticədə dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, istənilən kollektivdə mükafat işin keyfiyyətinə görə verilir. Onun fikrincə, işçi vəzifəsinin öhdəsindən yaxşı gəlməsə, həmin mükafatı ala bilmir, amma dövlət qulluqçusu üçün bu vəziyyət bir qədər fərqlidir:

“Dövlət qulluqçusu pis işləmək imkanına malik deyil. Onun yeganə yolu yaxşı işləməkdir. Dövlət qulluqçusu dövləti idarə edənlərdən biridir. Onun işi vətəndaşların problemlərini həll etmək, onların rifahını yaxşılaşdırmaqdır. On minlərlə insanın həyatına təsir göstərən bir vəzifədə o, yalnız məsuliyyətli və səmərəli olmalıdır.

Eyni zamanda, dövlət qulluqçusuna göstərilən etimad özü böyük bir stimul vəzifəsini daşıyır. Göründüyü kimi, dövlət qulluqçusunu yaxşı işləməyə həvəsləndirmək üçün əlavə vasitələrə ehtiyac yoxdur – o, onsuz da işinə sadiq olmalıdır.

Bu baxımdan məsələyə baxış dəyişir. Dövlət qulluqçusu üçün mükafat sistemi və maaş verilir, və bu maaş, təbii ki, əvvəlki mükafatların bir hissəsini əhatə edir. Yüksək maaşların verilməsinin bir məqsədi də odur ki, təcrübəli dövlət qulluqçuları özəl sektora keçmək istəməsinlər.

Bu gün Azərbaycanda özəl sektor kifayət qədər güclüdür və onlar təcrübəli işçilərə böyük maraq göstərirlər. Dövlət qulluğunda çalışanlar isə idarəçilikdə, problemləri həll etməkdə və insanlarla işləməkdə böyük təcrübəyə malikdir. Buna görə də bəzi özəl şirkətlər yüksək maaşla bu işçiləri özlərinə cəlb etməyə çalışırlar.

Yüksək maaşlar tətbiq olunduqda isə əksinə, biz yaxşıların ən yaxşısını dövlət qulluğunda saxlamağa nail olacağıq. Üstəlik, dövlət qulluqçusunun fəaliyyəti hər zaman cəmiyyətin gözü qarşısındadır. Bu, onu həm məsuliyyətini artırmağa, həm də aldığı yüksək maaşa layiq olduğunu göstərməyə həvəsləndirir”.

Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov isə bildirib ki, bu addım dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Dövlət qulluğunda müxtəlif əlavələrin maaşın tərkibinə inteqrasiyası ümumilikdə əməkhaqqı siyasətinin daha effektiv qurulmasına xidmət edir. Hazırda əmək bazarında yaranan çağırışları nəzərə alsaq, bu qərarın qəbulunu xüsusi qeyd etmək lazımdır.

Əmək bazarında proseslər kifayət qədər sürətlə dəyişir və bu dəyişikliklər dövlət sektorundan da adekvat reaksiyalar tələb edir. Bir çox sahələrdə özəl sektor daha yüksək əməkhaqqı təklif edir. Bu isə dövlət qulluğunda əməkhaqqı yanaşmalarının yenilənməsini zəruri edir. Hesab edirəm ki, tətbiq edilən yeniliklər nəticəsində daha çox gənc və peşəkar mütəxəssisin dövlət sektoruna marağı artacaq. Bu isə həm idarəetmənin keyfiyyətinə, həm də ümumi səmərəliliyə müsbət təsir göstərəcək”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də deyib ki, Prezidentin təsdiqlədiyi "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər də dünya təcrübəsinə uyğunlaşdırılıb: "Bu, həm də dövlət qulluğunda vahid, sabit və şəffaf əməkhaqqı sisteminə keçidi təmin edəcək. Bu, üsul artıq Qərb ölkələrində, Şərqi Avropada, Cənub-Şərqi Asiya ölkələrinin bir qismində, həmçinin qonşu Gürcüstanda tətbiq olunur və öz müsbət nəticəsini göstərir. Bu baxımdan Azərbaycanda da belə bir islahatın aparılması vacib idi. “Dövlət Qulluğu haqqında” Qanuna dəyişiklikdən 30 mindən artıq dövlət qulluqçusunun yararlanması nəzərdə tutulub. Otuz min nəfərin ailə üzvlərini də nəzərə alsaq, deməli, yüz mindən çox Azərbaycan vətəndaşının həyat tərzi daha da yaxşılaşdırılacaq. Qanuna dəyişikliyə qədər dövlət qulluğunda çalışanlara səlahiyyətlərinə məxsus və təcrübəsinə görə əlavələr, mükafatlar verilirdi. Təbii ki, bu əlavələrdən bütün dövlət qulluqçuları yararlana bilmirdilər. Çünki əvvəlki qanuna əsasən, yalnız təcrübəsi və səlahiyyətləri yüksək olan dövlət qulluqçuları maaşa əlavə ala bilirdilər. Artıq bu sistem daha da təkmilləşdirilir. Çünki qanuna edilmiş dəyişikliyə görə vahid və sabit əməkhaqqı sisteminə keçid olacaq, mükafatlar vahid şəkildə maaşa birləşdirilir. Bu da gələcəkdə dövlət qulluqçularının pensiyaya çıxması zamanı pensiya artımına müsbət təsir göstərəcək.

Yeni model qanunu daha da təkmilləşdirib. Dəyişikliyə əsasən, aylıq əmək haqqı vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraitinə görə əlavələr və artıq iş saatları üçün haqdan ibarətdir. Diqqət çəkən əsas məqamlardan biri də əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45 faiz deyil, orta hesabla 95 faizdən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir. Dövlət qulluqçularının vahid və sabit əməkhaqqı sisteminə keçidi korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında da müsbət rol oynayacaq. Bu hal beynəlxalq təcrübədə də sınaqdan keçirilib və belə qənaətə gəlinib ki, dövlət qulluqçularının əməkhaqqı sabit və artım yüksək olduqca korrupsiya göstəriciləri aşağı düşür. Çünki səlahiyyətli vəzifə daşıyıcılarının aldıqları əməkhaqqının ailəsinin dolanışığına kifayət etdiyi halda, onlar risk edib korrupsiya hüquqpozmalarına yol verməyəcəklər”.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə deyib ki, buna qədər əməkhaqqına mükafatlar və onlara bərabər tutulan digər ödənişlər formasında edilən əlavələr istənilən halda əməkhaqqının ödənilməsində sabit bir mənzərə yarada bilmirdi: "Daha doğrusu, dövlət qulluqçularına ödənilən mükafatların azaldılması və ya tamamilə kəsilməsi istənilən halda mümkün idi və bu da öz növbəsində əməkhaqqının sabitliyini təhlükə altına alırdı.

Yeni qaydalarla həmin ödənişlərin əməkhaqqının baza hissəsinə daxil edilməsi əməkhaqqının baza hissəsinin 90-95%-ə qədər artırılmasını təmin edəcəkdir ki, bu da dövlət qulluğunda çalışanlara daha sabit əməkhaqqının verilməsini təmin edəcəkdir.

Dövlət qulluqçularına əməkhaqlarının ödənilməsi sahəsində tətbiq olunan yeni sistem daha peşəkar və bacarıqlı kadrların dövlət qulluğuna cəlb edilməsi üçün əsas şərtlərdən birinə çevriləcəkdir. Yeni sistemin tətbiqindən sonra təqaüd yaşına çatacaq dövlət qulluqçusunun təqaüdünün hesablanmasında da hər hansı bir tərəddüdlər ortaya çıxmayacaqdır. Çünki bundan sonra baza hissəsi sabit olan bir əməkhaqqı mövcud olacaq”.

 

Şahanə Rəhimli

Musavat.com

Chosen
71
50
musavat.com

10Sources