EN

Avropada qaz inqilabı: Ursula fon der Lyayen "heç bir istisna olmayacaq" dedi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropada kəskin enerji qıtlığı və elektrik kəsintiləri (blekaut) təhlükəsi yaransa belə, Aİ ölkələrinin Rusiya qazının alışını bərpa etməsinə icazə verilməyəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, Brüsseldə keçirilən mətbuat konfransında çıxış edən fon der Lyayen bu məsələdə geri addımın qeyri-mümkün olduğunu və İttifaqın öz strateji qərarlarına sadiq qaldığını vurğulayıb.

"Bizim aydın hədəflərimiz var və onlara ciddi şəkildə əməl edirik. Rusiyadan gələn enerji asılılığına son qoymaq Avropanın təhlükəsizlik prioritetidir", – deyə AK rəhbəri qeyd edib.

O həmçinin əlavə edib ki, yaranmış çətinliklərə baxmayaraq, Avropa İttifaqı energetika sektorunun transformasiyasını sürətləndirəcək və əsas diqqəti "yaşıl enerji"yə, eləcə də birbaşa Avropada istehsal edilən bərpa olunan mənbələrə yönəldəcək. Fon der Lyayenin bu kəskin bəyanatı xüsusilə son həftələrdə İranın Qətərdəki LNG zavodlarına hücumundan sonra Avropada artan enerji narahatlıqları fonunda səslənib. Ekspertlər hesab edirlər ki, AK rəhbərinin "heç bir istisna olmayacaq" mesajı həm Moskvaya, həm də daxildə Rusiya ilə enerji sövdələşmələrinə qayıtmaq istəyən bəzi siyasi qüvvələrə yönəlmiş sərt xəbərdarlıqdır. Bu qərar Avropanın enerji xəritəsini kökündən dəyişdirərək ABŞ, Norveç və Azərbaycan kimi alternativ tədarükçülərin rolunu daha da artırır.

Musavat.com

Chosen
136
musavat.com

1Sources