EN

Xroniki xəstəlikləri olan vətəndaşların bayramda qidalanmlarına xüsusi diqqət yetirmələri tövsiyə olunur

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 mart, AZƏRTAC

Bildiyimiz kimi, bu il Ramazan bayramı ilə Novruz bayramı eyni vaxta təsadüf edir. Növbənöv şirniyyatlar, dadlı, ləzzətli yeməklərlə zəngin bayram süfrəsi adət-ənənəmizin bir parçasıdır. Lakin uzun müddət oruc tutduqdan sonra birdən-birə yağlı, şərbətli bayram şirniyyatlarının və digər yüksək kalorili xəmir məhsullarının həddən çox istifadəsi halsızlıq ,yorğunluq, mədə ağrısı, qəbizlik və s. kimi sağlamlıq problemlərinə səbəb olur.

Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-qastroenteroqu Yasəmən Məmmədova deyib.

"Oruc tutan zamanı həzm orqanları, dincəlir, mübadilə yavaşlayır. Odur ki, el arasında orucluq adlandırılan Ramazandan sonra normal, gündə üç dəfə qidalanmaya kiçik porsiyalarla başlamaq, daha çox lifli və proteinli qidalara üstünlük vermək lazımdır. Qidanı sürətli deyil, yaxşı çeynəyərək, yavaş-yavaş yemək lazımdır. Səhər yeməyi zamanı sıyıqlar, yağsız pendir, qaynadılmış yumurtaya, günorta və axşam az yağlı yeməklərə üstünlük verilməlidir.

Eyni zamanda, maye qəbulu normal olmalı, hər bir insan gün ərzində hər kiloqram bədən çəkisinə görə 33 millilitr maye qəbul etməlidir.

Bayramda şəkərli diabet, arterial hipertoniya, xroniki böyrək, mədə-bağırsaq xəstəlikləri və artıq çəki problemi olan insanlar qidalanmalarına xüsusilə diqqət etməlidirlər. Qeyri-düzgün qidalanma qanda şəkərin (qlükozanın) miqdarının və arterial təzyiqin yüksəlməsinə, böyrək və mədə-bağırsaq şikayətlərinin artmasına və çəkinin çoxalmasına səbəb olur.

Unutmayaq, sağlam qalmağımızın ən əsas təməli düzgün və balanslı qidalanmaqdır. Bu da bizim əlimizdədir", - deyə Y.Məmmədova qeyd edib.

Müxbir - Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
4
azertag.az

5Sources