EN

“Tərtər işi” üzrə daha bir zərərçəkmişə kompensasiya kompensasiya ödəniləcək: özü 300 min istəyirdi...

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

2017-ci ilin may ayında Tərtər hadisələri zamanı işgəncəyə məruz qalaraq zərər çəkən şəxslər onlara dəymiş ziyana görə kompensasiya ödənilməsi tələbi ilə kütləvi şəkildə məhkəməyə müraciət edirlər.

Bizimyol.info xəbər verir ki, məhkəmə zərərçəkənlərin tələb etdiyi məbləğdə tam olmasa da, qismən onların iddiasını təmin edərək, kompensasiya ödənilməsi barədə qərar çıxarır. Təzminat tələbi ilə məhkəməyə müraciət edənlərdən biri də N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu Vüsal Abdullayev olub. O, məhkəməyə ərizəsində göstərib ki, 2017-ci ildə Tərtər hadisələri zamanı 31 gün işgəncələrə məruz qalıb. Bu müddətdə əlləri və gözləri bağlı vəziyyətdə ağlasığmaz üsullarla zorakılığa məruz qalıb. Ondan törədmədiyi əməlləri etiraf etməsi tələb olunub. Vüsal Abdullayev bildirir ki, onu “vətən xaini” kimi təqdim etmək özü ilə yanaşı, ailə üzvlərinə də sarsıntı yaşadıb: “Ailəmin günlərlə məndən xəbəri olmayıb. Qohumlar, qohşular arasında mənimlə bağlı həqiqətə uyğun olmayan söz-söhbətlər yayılıb. Bütün bunlar ailəmizə mənəvi iztirablar yaşadıb”.

Vüsal Abdullayev bu iztirablar nəticəsində özü və ailəsinə dəymiş ziyanın əvəzi olaraq, 300 min manat təzminat tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində Tərtər hadisələri ilə bağlı yenidən istintaq başlayandan sonra 500-ə yaxın şəxs zərərçəkmiş qismində tanınıb. Vüsal Abdullayev də onlardan biridir.

Daha sonra həmin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, “Tərtər işi” kimi tanınan cinayət işi üzrə Vüsal Abdullayev də zərərçəkmiş qismində tanınıb. Təsdiqlənib ki, həqiqətən də yüzlərlə digər zərərçəkmiş kimi, o da işgəncə nəticəsində mənəvi sarsıntı və iztiraba məruz qalıb. Bununla da onun təzminat almaq hüququ yaranıb.

Vüsal Abdullayev 300 min manat kompensasiya tələb etsə də, məhkəmə ona 15 min 500 manat təzminat kəsib. Həmçinin məhkəməyə müraciət üçün vəkil xərclərinə görə də 500 manatın dövlət tərəfindən ödənilməsi barədə qərar qəbul edilib. Beləliklə, məhkəmə qərarına əsasən, Maliyyə Nazirliyi “Tərtər işi” üzrə zərərçəkmişlərdən Vüsal Abdullayevə 16 min manat təzminat ödəməlidir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
bizimyol.info

1Sources