EN

Tiflisdə iftar qalmaqalı: BQMI iştirak etməməsinin səbəbini açıqladı

Martın 17-də Tiflisdə keçirilən iftar mərasimi ətrafında müzakirələr yaranıb.

Musavat.com xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi (BQMI) tədbirdə axund və imamların niyə iştirak etmədiyinə dair rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iftar mərasimi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən birgə təşkil olunub. Tədbirə BQMI-nin din xadimləri dəvət edilsə də, onlar müəyyən səbəblərə görə iştirak etməmək qərarı veriblər.

İdarə iştirak etməmələrinin əsas səbəbi kimi qeyd edib ki, artıq iki ildir Gürcüstan Müsəlmanları İdarəsinin Azərbaycanın şimal-qərbində yaşayan gürcü müsəlmanları üçün iftar təşkil olunması ilə bağlı rəsmi müraciətlərinə müsbət cavab verilməyib. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılsa da, təşəbbüs cavabsız qalıb və buna baxmayaraq Tiflisdə sözügedən tədbir keçirilib.

BQMI həmçinin bildirib ki, iftar mərasimi zamanı Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev məsələni bildiyi halda idarənin din xadimlərini hədəf alan ağır ittihamlar səsləndirib. Qurum bu ittihamları qəbuledilməz hesab edib.

Bununla yanaşı, bəyanatda Azərbaycan dövləti və səfirliyi ilə mövcud münasibətlərin yüksək qiymətləndirildiyi, narazılığın yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı olduğu vurğulanıb və iki ölkə arasında dostluğun davam etdirilməsinin vacibliyi qeyd edilib.

Qeyd edək ki, martın 17-də Tiflisdə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda keçirilən iftar proqramında çıxış edən səfir Faiq Quliyev dəvət olunmalarına baxmayaraq tədbirə qatılmayan BQMI nümayəndələrinin mövqeyini tənqid edib.

Musavat.com

Chosen
52
musavat.com

1Sources