EN

İranda sistem ÇÖKÜR – İkinci dalğa BAŞLADI

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” komandanı general Qulamhüseyn Süleymaninin ardından “Ettelaat” (Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi) rəhbəri İsmayıl Xətibin də öldürülməsi regionda vəziyyəti daha da gərginləşdirib. Ekspertlər bunu hazırkı müharibədə İranın hərbi-siyasi rəhbərliyinə qarşı başladılan “ikinci dalğa” təmizləmə əməliyyatı kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Şahin Cəfərli bildirib ki, itkilər rejim üçün bərpası çətin olan boşluqlar yaradır:

“Əli Laricani ölkəni faktiki idarə edən ən nüfuzlu siyasətçilərdən və sistem daxilində birləşdirici fiqurlardan biri idi. Ayətullah Xameneidən sonra onun da sıradan çıxarılması, sistemdaxili konsensus və rejimin davamlılığının təmin edilməsi məsələsində ciddi problemlər vəd edir. ‘İranda sistem saat kimi işləyir, şəxslərdən asılı deyil’ fikri sadəcə bir illüziyadır. Əlbəttə, 90 milyonluq ölkədə istənilən posta kadr tapmaq mümkündür, lakin Xamenei və Laricani kimi onillərin təcrübəsinə malik dövlət xadimlərini qısa müddətdə layiqincə əvəz etmək qeyri-mümkündür”.

Şahin Cəfərli

Politoloq qeyd edib ki, İranda daxili “təmizləmə” əməliyyatları çərçivəsində “Mossad agenti” ittihamı ilə kütləvi edamlar həyata keçirilsə də, nəticə dəyişməz qalır:

“Son hadisələr bir daha sübut edir ki, İsrail İranın tam mərkəzindən səhih və müfəssəl kəşfiyyat məlumatları əldə etməyə davam edir. Rejimin qorunmasına məsul olan kəşfiyyat rəhbərinin özünü qoruya bilməməsi acınacaqlı mənzərədir. Belə bir şəraitdə müharibənin uzanması İran üçün fəlakətli perspektivlər vəd edir. Hava hücumundan müdafiə sisteminin yetərsizliyi hava məkanını düşmənə tam açıq qoyur. Dövlət öz rəhbərlərini qoruya bilmirsə, ölkənin toparlanması sual altına düşür. Bu durum İranın deqradasiyasını daha da sürətləndirəcək”.

Şahin Cəfərlinin sözlərinə görə, müharibə uzandıqca tərəflər bütün ‘qırmızı xətləri’ tapdalamağa başlayır:

“İsrailin dünyanın ən böyük təbii qaz strukturu olan “Cənubi Pars”a zərbə endirməsi təhlükəli siqnaldır. İranın əsas neft ixracı nöqtəsi olan Xarq adasının hədəfə alınmayacağına heç kim təminat verə bilməz. Enerji infrastrukturu sıradan çıxarsa, iqtisadiyyat kollapsa girər, dövlət maaşları belə ödəyə bilməz. Bu isə məmurların da narazı kütləyə qoşulması deməkdir. Əslində, İsrail məhz bu ‘çöküş ssenarisini’ reallaşdırmağa çalışır. İran rəhbərliyində hələ də rasional düşünən şəxslər diplomatiyaya fürsət tanımalı və ABŞ ilə anlaşma yolu tapmalıdırlar. Əks halda, SEPAH radikallarının irrasional siyasəti İranın ‘failed state’ (süquta uğramış dövlət) halına düşməsini qaçılmaz edəcək”.

Tunar
NOCOMMENT.az

Chosen
60
nocomment.az

1Sources